Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türk dünyasına xidmət ifadəsi sadəcə fəxri ad və ya mərasimdə səsləndirilən gözəl sözlərdən ibarət deyil

Türk dünyasına xidmət ifadəsi sadəcə fəxri ad və ya mərasimdə səsləndirilən gözəl sözlərdən ibarət deyil


Bəzən insan susmağı özünə yaraşdırmır. Çünki ziyalılıq yalnız kitab yazmaq, tribunalardan danışmaq, özünü millətçi və vətənpərvər elan etməklə ölçülmür. Ziyalılıq həm də cəmiyyətin ağrılarına biganə qalmamaq, ədalətsizlıyə münasibət bildirmək, mənəvi dəyərlərin təhrif edilməsinə etiraz etmək məsuliyyətidir. Bu gün məhz belə bir məsələyə münasibət bildirmək istəyirəm.

25 oktyabr 2026-cı il tarixində İstanbulda keçirilən 23-cü Beynəlxalq İpək Yolu "İlin Qızıl Adamları" mükafatlandırma mərasimində Tənzilə Rüstəmxanlının "Türk Dünyasına Xidmət Fəxri Mükafatı" ilə təltif edilməsi xəbəri ilə tanış oldum. Açığı, bu qədər məndə ciddi təəccüb və narazılıq doğurdu.

Mənim üçün Türk dünyasına xidmət ifadəsi sadəcə fəxri ad və ya mərasimdə səsləndirilən gözəl sözlərdən ibarət deyil. Bu anlayışın arxasında illərlə çəkilən zəhmət, milli təəssübkeşlik, prinsipial mövqe, fədakarlıq, mənəvi məsuliyyət və real xidmət dayanmalıdır.

Türk dünyasına xidmət mükafatı təsadüfi bir təltif deyil. Bu mükafat Türk dünyasının ortaq dəyərlərinə, tarixinə, mədəniyyətinə və birliyinə həqiqətən xidmət etmiş insanların əməyinə verilən mənəvi qiymət olmalıdır.

Bəs bu mükafatın təqdim edilməsində hansı meyarlar əsas götürülüb???

2024-cü ildə Neftçada keçirilən parlament seçkiləri zamanı baş verənlər, seçki prosesi ətrafında yaranan ciddi mübahisələr, ictimaiyyətə təqdim olunan iddialar hələ də yaddaşlardadır. Tənzilə Rüstəmxanlının deputat seçilməsi ilə nəticələnən həmin prosesə cəmiyyətin bir hissəsinin münasibəti də məlumdur.

Belə bir ictimai-siyasi keçmişi olan şəxsin hansı konkret xidmətlərinə görə Türk dünyasına xidmət kimi bir fəxri mükafata layiq görüldüyü sualı, məncə, tamamilə haqlıdır. Mənim etirazım kiminsə mükafat almasına deyil. Mənim etirazım mükafatların həqiqi dəyərinin, meyarlarının və mənəvi çəkisinin arxa plana keçirilməsidir. Türk dünyasının birliyi, milli kimliyimizin qorunması, ortaq tariximizin yaşadılması naminə ömrünü sərf edən, heç bir təltif gözləmədən çalışan, bəzən öz mövqeyinə görə ciddi təzyiqlərlə üzləşən nə qədər dəyərli ziyalılarımız, elm və mədəniyyət xadimlərimiz var. Onların əməyinin qarşısında bu cür mükafatların hansı mənəvi ölçü ilə təqdim edildiyini soruşmaq bizinm haqqımızdır. Çünki layiq olmayanlara verilən mükafat yalnız həmin mükafatın nüfuzuna xələl gətirmir, həm də həqiqətən layiq olan insanların əməyinə və xidmətlərinə qarşı ədalətsilik yaradır. Bir daha vurğulayıram Türk dünyasına xidmət fəxri adı şəxsi münasibətlərin, tanışlıqların, siyasi mövqelərin və ya formal təmsilçiliyin deyil,real xidmətlərin göstəricisi olmalıdır.

Mən susmağı seçmirəm: Çünki mənim üçün "məndən keçdi, başqasına dəydi" prinsipi ilə yaşamaq heç vaxt qəbulolunan olmayıb.

Mükafat vermək olar, amma hər verilən mükafatın arxasında mənəvi haqq dayanmalıdır. Çünki mükafatın böyüklüyünü onun adı deyil, onu daşıyan insanın xidmətləri müəyyən edir.

P.S. Tədbirçilik millətə xidmət deyil! Yaltaqların alqışı isə heç vaxt xalqın etimadının əvəzi ola bilməz.

Jalə Cəfərova
Xəbəri paylaş