
"Azərbaycan və Türkiyə münasibətlərinin mahiyyətinə ilk növbədə Azərbaycan reallığından baxmaq lazımdır. Azərbaycanın mövcud olduğu coğragiyada qonşu kimi seviləcək, qardaş deyiləcək tək ölkə var, o da Türkiyədir. Digərləri nə dost kimi dostudur, nə də qonşu kimi qonşu. Türkiyənin mövcud olduğu coğrafiya isə fərqlidir, həm mentalitet, həm də ideologiya baxımından.
Newscenter.az xəbər verir ki, bunları ƏHD partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov deyib. O bildirib ki, Türkiyə tarixən öz coğrafiyasını özü yaradıb, indi də yaradır:
"Azərbaycan isə tarixən öz coğrafiyasında kiçilib. İlk dəfə Azərbaycan son iki əsrdə ərazi bütövlüyünü bərpa etməklə öz coğrafiyasında böyüyüb. İndi Azərbaycan bu uğurunu qorumağa məhkumdur. Ölkə daxilində kənar güclərin Türkiyə də daxil coğrafi ideologiyalarını yaymaq cəhdinin qarşısını almağa məcburdur".
Azər Qasımov hesab edir ki, bu baxımdan Türkiyənin Azərbaycandan həm dini, həm də mentalitet baxımından eyni ideoloji birlik istəməsi mümkünsüzdür:
"Təbii ki, ideoloji olaraq eyni birliyimiz Türk dünyasıdır. Amma inteqrasiya olmadan burda da fərqlər çoxdur. Buna da uzun zaman lazımdır. Sadəcə dostluq, qardaşlıq şüarları ilə bu iş olmur. Keçmiş postsovet türk dünyası özünü mentalitet baxımından Rusiyaya daha çox yaxın hesab edir, nəinki Türkiyəyə. Hesab edirəm ki, məsələlərə real və praqmatik yanaşmaq, ilk növbədə fərqli dünyagörüşünü dəyişmək üzərində çalışmaq lazımdır".
Süleyman











































