
Türk Dövlətləri Təşkilatının (TDT) Ankarada keçirilən 13-cü sammitində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin təşkilatın Rusiya ilə əməkdaşlığını genişləndirməyi təklif etməsi və Moskvanın "TDT+" formatına qoşula və ya müşahidəçi statusunu ala biləcəyi fikrini səsləndirməsi doğrudan doğruya əsl sensasiya oldu. Tokayev bu təklifini onunla əsaslandırıb ki, Rusiyada bir çox türk xalqları yaşayır və eyni zamanda, bu ölkənin özünün tarixən Türk dünyası ilə sıx əlaqələri olub...
Qazaxıstan liderinin belə bir gözlənilməz təkliflə çıxış etməsinin arxasında hansı geosiyasi məqamlar, motivlər dayanır? Və bu təklifin gerçəkləşməsi TDT-nin gələcəyinə necə təsir göstərə bilər? Bu təklif doğrudan da çox paradoksal görünür: bir tərəfdən TDT məhz Türk dünyasının siyasi və mədəni inteqrasiyası üçün qurulmuş platformadır, digər tərəfdən isə Rusiya çox sayda türk xalqlarının da yaşadığı Avrasiya məkanının dominant güclərindən biri olaraq qalır. Lakin qazaxıstanlı ekspertlər Tokayevin çıxışını gözlənilməz addım kimi yox, daha çox çoxqatlı geosiyasi siqnal kimi oxumağı təklif edirlər. Onların fikrincə, Qazaxıstan rəhbərliyi belə bir addımla həm regional balans siyasətini qorumağa, həm də TDT-ni daha praqmatik, çevik və böyük güclərlə dialoqa açıq platforma kimi təqdim etməyə çalışa bilər.
Əsl həqiqətdə isə burada əsas motiv təhlükəsizlik və strateji balans məsələsidir. Qazaxıstan uzun illərdir ki, çoxvektorlu xarici siyasət xəttini yürüdür. O, nə tamamilə Rusiyadan asılı qalmaq, nə də Qərblə və ya Çinlə münasibətləri riskə atmaq istəyir. Rusiya ilə münasibətlər son illərdə geosiyasi gərginlik fonunda daha həssas hala gəldiyi üçün, Tokayevin TDT-nin Moskva ilə əməkdaşlığını genişləndirmək ideyasını səsləndirməsi, əslində, “Türk dünyası anti-Rusiya platforması deyil” mesajı daşıya bilər. Bu, həm Kremlin narahatlıqlarını azaltmaq, həm də Qazaxıstanın öz təhlükəsizlik mühitini sabit saxlamaq baxımından düşünülmüş siqnal ola bilər.
İkinci motiv isə institusional legitimlikdir. Əgər TDT özünü qapalı klub kimi deyil, regiondakı bütün əsas aktorlarla işləyə bilən açıq platforma kimi təqdim edərsə, onun beynəlxalq çəkisi arta bilər. Bu baxımdan “TDT+” formatı maraqlıdır. Bu format tam üzvlükdən daha yumşaq, daha elastik əməkdaşlıq mexanizmi təklif edir. Yəni məsələ Rusiyanı təşkilata bu formatla daxil etməklə, TDT-nin çevrəsində yeni əlaqə meridianı və ya zonası yaratmaqdır. Bu, həm təşkilatın diplomatik statusunu gücləndirə, həm də onu daha az ideoloji, daha çox funksional birlik kimi formalaşdıra bilər.
Amma bu təklifin riskləri də az deyil. Ən böyük risk TDT-nin identikliyinin pozulması ola bilər. Çünki Türk Dövlətləri Təşkilatı məhz türk dövlətləri arasında həmrəyliyi dərinləşdirmək üçün yaradılıb. Əgər Rusiya kimi böyük və tarixi olaraq hegemon aktor bu platformaya inteqrə olunarsa, bu TDT-nin ana məqsədindən yayınması kimi də görünə bilər. Xüsusən də suverenlik, təhlükəsizlik, postsovet təsir dairəsindən çıxmaq, vahid informasiya məkanı kimi həssas sahələrdə Moskvanın iştirakı təşkilat daxilində narahatlıq və ehtiyatlılıq doğura bilər. Yəni bir tərəfdən əməkdaşlıq genişlənə bilər, amma bu, TDT-nin daxili balansını da çətinləşdirə bilər. Ona görə də bu təklif gerçəkləşərsə, TDT-nin gələcəyi iki fərqli istiqamətdə inkişaf edə bilər. Bu mənada, yüz ölçüb bir biçmək lazımdır.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri












































