
Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının (TDT) Ankarada keçirilən 13-cü Zirvə Görüşündə iştirak etməməsinin səbəbi barədə məlumatlar ictimaiyyətə təqdim olunub.
Ona görə də, hansısa media qurumu və ya ictimai dairələrdə bu mövzu ilə bağlı manipulyasiyalara yol verilməsini yolverilməz hesab edirəm.
Azərbaycan TDT Sammitində xarici işlər naziri Ceyhun Bayramov təmsil olunur və tədbirdə fəal iştirak edir.
Onu unutmaq olmaz ki, TDT-nin yaradılmasının əsas təşəbbüskarlarından biri məhz Azərbaycan olub. 2009-cu ilin oktyabr ayında imzalanan Naxçıvan Sazişi təşkilatın genişlənməsinə, regional təsisata çevrilməsinə, Türk dünyası ilə siyasi, iqtisadi, mədəni, hərbi və humanitar sahələrdə hərtərəfli əməkdaşlığın dərinləşdirilməsinə dərin töhfələr verib.
Türkdilli ölkələr arasında enerji-nəqliyyat layihələrinin inkişafı və əlaqələndirilməsində də Azərbaycanın xüsusi xidmətləri var.
Hazırda Mərkəzi Asiya-Xəzər-Qara dəniz-Avropa nəqliyyat və kommunikasiya dəhlziləri də məhz ölkəmizin səyi ilə irəliləyir.
Orta Dəhliz-Zəngəzur layihəsi də Azərbaycanın iradəsi və siyasi qətiyyəti sayəsində gerçəkləşməkdədir.
Yeri gəlmişkən, müşahidəçi üzvlər kimi Macarıstan və Türkmənistanın da TDT-yə cəlb edilməsində rəsmi Bakının xüsusi rolu vardır.
Yəni, Azərbaycan TDT-nin flaqman ölkəsidir və Türk dünyasında siyasi-iqtisadi-mədəni həmrəyliyin möhkəmlənməsində aparıcı rola malikdir.
TDT-nin öz nüfuzunu artırmasında Prezident İlham Əliyevin xidmətləri isə müstəsna yer tutur. Məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə ilk dəfə 2024-cü il iyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib. Həmin görüşdə, TDT-nin bütün dövlət başçıları olsa da, Türkiyəni vitse-prezidenti Cevdet Yılmaz təmsil etmişdi.
Əlbəttə, dövlət başçılarının rəsmi protokollarında hansısa mühüm tədbirlərlə bağlı digər görüşlərə qatılmaması mümkündür.
Əsas məsələ dövlətin nümayəndəsinin yüksəksəviyyədə iştirakıdır.
Ankara Sammitində də Azərbaycan öz layiqli yerini tutmaqla TDT-nin lider ölkəsi statusunu və təşkilat üçün hansı mühüm əhəmiyyəti olduğunu nümayiş etdirir.
Hesab edirəm ki, bu məsələ ilə bağlı yersiz spekulyasiyalara ehtiyac yoxdur. Azərbaycan və Türkiyə qardaşlığına xələl gətiə biləcək şərhlər verməyə heç kimin haqqı yoxdur.
Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır, əbədidir!
Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor












































