
"29 oktyabr Türkiyə tarixinin ən əlamətdar günlərindən biridir. 1923-cü il oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin elan edilməsi türk xalqının milli iradəsini, azadlıq əzmini və öz gələcəyini müəyyən etmək qətiyyətini bütün dünyaya nümayiş etdirən tarixi hadisədir".
Newscenter.az xəbər verir ki, bu fikirlər "Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi" ictimai birliyinin (ATXƏM) 29 oktyabr-Türkiyə Respublikasının elan olunması günü ilə bağlı yaydığı təbrik mətnində yer alıb. Təbrikdə qeyd edilib ki, bu gün yalnız Türkiyə xalqı üçün deyil, bütün türk dünyası üçün böyük məna və dəyər daşıyır:
"Bu əlamətdar tarix türk xalqının zəngin tarixinə, mədəni irsinə və gələcəyə inamına söykənən bir bayram kimi hər il böyük qürur və sevgi ilə qeyd olunur.
Azərbaycan xalqı üçün Türkiyənin sevinci hər zaman doğma sevinc, uğuru isə qürur mənbəyi olub. Bizi ortaq dil, tarix, mədəniyyət, mənəvi dəyərlər və nəsillərdən-nəsillərə ötürülən qardaşlıq duyğuları birləşdirir. Bu bağlar zamanın sınaqlarından keçərək möhkəmlənib, xalqlarımızın yaddaşında özünəməxsus yer tutub".
ATXƏM hesab edir ki, türk xalqları arasında qarşılıqlı anlaşmanın, mədəni əməkdaşlığın, ortaq dəyərlərin qorunmasının və gələcək nəsillər arasında əlaqələrin gücləndirilməsinin vacibliyi bu gün daha aydın görünür:
"Tarixi və mədəni köklərimizə sahib çıxmaq, dilimizi və mənəvi irsimizi yaşatmaq, xalqlarımızı birləşdirən körpüləri möhkəmləndirmək hər birimizin ortaq məsuliyyətidir.
ATXƏM İB olaraq, qardaş Türkiyə xalqını Cümhuriyyət Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, Türkiyəyə davamlı inkişaf, sülh, əmin-amanlıq və birlik arzulayırıq.
Bu əlamətdar gündə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Cümhuriyyətin yaranması yolunda əməyi olanların tarixi xidmətlərini ehtiramla yad edirik.
29 Oktyabr – Türkiyə Cümhuriyyəti Günü mübarək olsun Yaşasın Azərbaycan–Türkiyə qardaşlığı!
Yaşasın Türk Dünyasının birliyi və həmrəyliyi!"
Süleyman












































