
Türk Dövlətləri Təşkilatının Ankara Zirvə görüşü türk dünyasının inteqrasiyasının sürətləndirilməsi istiqamətində mühüm hadisə olacaq.
Bunu Newscenter.az-a deyən politoloq Arzuman Muradlı qeyd edib ki, Türk Dövlətləri Təşkilatının (TDT) Ankara Zirvə görüşü türk dünyasında siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və ortaq strateji hədəflərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır:
"Tarixi, dil və mədəniyyət yaxınlığına əsaslanan münasibətlərin yeni mərhələyə yüksəldilməsi, eləcə də bu əlaqələrin konkret siyasi və iqtisadi nəticələrlə möhkəmləndirilməsi zirvə görüşünün əsas prioritetlərindəndir.
Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi dəyişikliklərin sürətləndiyi, nəqliyyat dəhlizlərinin, enerji təhlükəsizliyinin və regional iqtisadi əlaqələrin əhəmiyyətinin artdığı bir dövrdə türk dövlətlərinin əlaqələndirilmiş fəaliyyəti xüsusi aktuallıq kəsb edir. Bu baxımdan Ankara Zirvə görüşü üzv dövlətlər arasında mövcud əməkdaşlığın qiymətləndirilməsi, yeni təşəbbüslərin irəli sürülməsi və türk dünyasının gələcək inkişaf prioritetlərinin müəyyənləşdirilməsi üçün mühüm platforma rolunu oynayır".
Arzuman Muradlı diqqətə çatdırıb ki, Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə Görüşünün 30 oktyabr 2026-cı ildə Ankarada “Türk əsri: vahid dil, düşüncə və fəaliyyət” mövzusu altında keçirilməsi nəzərdə tutulur:
"Görüşdə siyasi əməkdaşlıq, ticarət və investisiya, nəqliyyat əlaqələri, enerji, rəqəmsal transformasiya, mədəni-humanitar münasibətlər və institusional inkişaf məsələlərinin müzakirəsi planlaşdırılır.
Türk dövlətləri arasında ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların təşviqi və biznes əlaqələrinin genişləndirilməsi iqtisadi inteqrasiyanın əsas istiqamətlərindəndir. Bu sahədə əməkdaşlığın inkişafı üzv dövlətlərin bazar imkanlarını genişləndirə, istehsal və logistika əlaqələrini gücləndirə bilər".
Süleyman












































