
Mədəniyyətlər arasında dialoq mühitinin saxlanılması bəşəriyyətin gələcək təhlükəsizliyi üçün ən vacib şərtlərdən birinə çevrilmişdir. Məhz belə bir qlobal konyunkturada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda vurğuladığı "Azərbaycan cəmiyyəti, multikulturalizm üzrə, divarların yox körpülərin qurulması üzrə dövlət siyasəti, həqiqətən də bu mühüm hadisələrə gətirib çıxardı" fikri ölkəmizin beynəlxalq aləmdə tutduğu unikal mövqeyin və dövlət siyasətinin ideoloji əsaslarının dəqiq xülasəsidir.
Azərbaycanın multikulturalizm modeli sonradan qəbul edilmiş hər hansı süni konsepsiya və ya sadəcə siyasi deklarasiya deyil. Bu, xalqımızın əsrlər boyu formalaşmış həyat tərzi, tarixi təcrübəsi və mənəvi kodudur. Şərq və Qərb sivilizasiyalarının, Böyük İpək Yolunun strateji kəsişməsində yerləşən Azərbaycan torpaqları tarixən müxtəlif xalqların, dinlərin və mədəniyyətlərin dinc yan-yana yaşadığı, bir-birini zənginləşdirdiyi məkan olmuşdur. Ölkəmizdə məscidlərin, kilsələrin və sinqoqların yan-yana fəaliyyət göstərməsi, müxtəlif etnik qrupların öz dili, adət-ənənəsi və mədəniyyəti ilə sərbəst şəkildə Azərbaycan cəmiyyətinin bərabərhüquqlu üzvü kimi yaşaması milli mühitimizin ayrılmaz tərkib hissəsidir.
Dövlət müstəqilliyinin bərpasından sonra Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulan və Prezident İlham Əliyev tərəfindən keyfiyyətcə yeni müstəviyə qaldırılan multikulturalizm siyasəti bu tarixi ənənəni institusional dövlət siyasətinə çevirdi. Azərbaycan konstitusiyası və hüquq sistemi hər bir vətəndaşın dini və etnik mənsubiyyətindən asılı olmayaraq bərabər hüquqlarını təmin edir. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat və enerji dəhlizlərinin mərkəzində dayanan ölkəmiz bu fiziki infrastrukturu həm də mədəni və ideoloji körpülərlə tamamlayır. Dünyada nifaq və ayırıcı divarların tərəfdarları artarkən, Azərbaycan dialoq, anlaşma və qarşılıqlı hörmət platformalarını təklif edən qlobal mərkəzlərdən birinə çevrilmişdir.
Bu istiqamətdə həyata keçirilən təşəbbüslər içərisində "Bakı Prosesi" xüsusi yer tutur. 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə təməli qoyulan bu platforma Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin nazirlərini bir araya gətirməklə dünyada analoqu olmayan bir sivilizasiyalararası dialoq mexanizmi yaratdı. Mütəmadi olaraq Bakıda təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları, Qlobal Bakı Forumu və digər möhtəşəm beynəlxalq tədbirlər göstərir ki, Azərbaycan dünyada baş verən qlobal qarşıdurmalara alternativ olaraq əməkdaşlıq və sülh körpülərinin qurulmasını müdafiə edir.
Müasir beynəlxalq münasibətlər sistemində Azərbaycanın yürütdüyü bu siyasət təkcə mədəniyyət sahəsi ilə məhdudlaşmır, həm də ölkəmizin xarici siyasi kursunun və təhlükəsizlik arxitekturasının əsas dayağını təşkil edir. Post-münaqişə dövründə Cənubi Qafqazda dayanıqlı sülhün və regional inteqrasiyanın təmin olunması istiqamətində atılan addımlar məhz bu körpüsalma fəlsəfəsinin təzahürüdür. Ölkəmiz regionda sülhün və tərəqqinin təmin olunması üçün ədavət divarlarının sökülməsini, iqtisadi-kommunikasiya xətlərinin açılmasını və xalqlar arasında etimadın bərpasını təklif edir.
Fariz İmamverdiyev
YAP Yevlax rayon təşkilatının fəalı












































