
"7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Azərbaycan üçün əhəmiyyəti, ölkənin beynəlxalq diplomatik imkanları, mədəniyyətlərarası dialoq sahəsində formalaşdırdığı institusional mövqe və bu mövqenin gələcəkdə siyasi, iqtisadi və humanitar əməkdaşlığa çevrilməsi ilə daha çox bağlıdır. Qeyd edim ki, forum 27-29 oktyabr 2026-cı il tarixində Bakıda keçirilir. Tədbir Azərbaycan Mədəniyyət Nazirliyi, UNESCO, BMT Sivilizasiyalar Alyansı (UNAOC), İCESKO və BMT-nin Turizm təşkilatının tərəfdaşlığı ilə təşkil olunub. Bu ilki mövzu, "Ortaq gələcək naminə dialoq: parçalanmış dünyada körpülər qurmaq" ideyası üzərində təşkil tapıb. Forum, müasir dünyanın əsas ziddiyyətlərindən birini, dövlətlərin qarşılıqlı asılılığının artdığı bir dövrdə siyasi, mədəni və dini fərqliliklərin dərinləşməsini müzakirə edir. Bu baxımdan Bakıda keçirilən forumu beynəlxalq parçalanmanın aradan qaldırılması istiqamətində mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır".
Bunları Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi deyib. O bildirib ki, qlobal qarşıdurmalar, siyasi qütbləşmə və sosial bərabərsizlik fonunda mədəniyyətlərarası dialoqun əməkdaşlıq vasitəsi kimi əhəmiyyətinə forum diqqəti çəkir:
"Azərbaycan müxtəlif regionları və siyasi baxışları təmsil edən iştirakçıları bir araya gətirməklə beynəlxalq dialoq üçün platforma rolunu gücləndirir. Bu, ölkəyə tərəfdaşlarla birbaşa əlaqələr qurmaq, təşəbbüslər irəli sürmək və gələcək əməkdaşlıqlar üçün imkanlar yaratmaq şəraiti verir. Bu həmçinin Bakı Prosesinin beynəlxalq mövqeyini də gücləndirir. Bilirsiniz ki 2008-ci ildə yaranmış Bakı Prosesi , Azərbaycanın uzunmüddətli diplomatik təşəbbüsüdür. 7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu təşəbbüsün davamı olaraq dəyərləndirmək olar. Azərbaycan özünü Avropa ilə Asiya , müxtəlif dini ənənələr və mədəniyyətlər arasında əlaqə yaradan ölkə kimi tanıdır. Forum bu baxımdan da əhəmiyyətlidir, çünki bu obrazın beynəlxalq auditoriyaya çatdırılmasına imkan verir. Bununla yanaşı əlbəttə ki, uzunmüddətli reputasiya yalnız tədbirlərin sayından deyil, ölkənin gündəlik siyasətinin , mədəni müxtəlifliyə münasibətinin və bu istiqamətdə beynəlxalq öhdəliklərinin necə qiymətləndirilməsindən də asılıdır".
O qeyd edib ki, forum xüsusilə də gənclər, qadınların iştirakı, rəqəmsal gələcək və süni intellekt üzrə müzakirələri, Azərbaycan universitetləri, tədqiqatçılar və gənc mütəxəssislər üçün beynəlxalq əlaqələr yaratmaq imkanı verir:

"Turizmin inkişafı baxımından da forumun əhəmiyyətli dərəcədə təsiri var. Forum çərçivəsində turizm, iqtisadi əməkdaşlıq və biznes əlaqələrinin şaxələndirilməsi istiqamətində də mühüm tədbirlər həyata keçirmək mümkündür. Forum ərəfəsində Qubada 44 ölkənin 80-dən çox gənc lider nümayəndələrinin iştirakı ilə ayrıca beynəlxalq tədbir keçirilib. Xarici nümayəndələrin səfərləri , otellər, restoranlar, nəqliyyat, tədbir xidmətləri və mədəni turizm üçün əlavə tələblərin keçirilməsinə imkanı verir. Forumun ən mühüm perspektivlərindən biri də Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması fonunda cəmiyyətlərarası dialoq, mədəni əlaqələr və humanitar əməkdaşlıq üçün imkanların ələ alınmasıdır. Bütün bunlar deməyə əsas verir ki, 7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın xarici siyasətində yumşaq güc , mədəni diplomatiya və çoxtərəfli əməkdaşlıq istiqamətlərinin birləşdiyi platformadır. Onun əhəmiyyəti yalnız Bakıda müxtəlif ölkələrdən nümayəndələrin toplaşmasında deyil, Azərbaycanın beynəlxalq münasibətlərdə hansı mövzuları irəli sürməsində və hansı tərəfdaşlıqları qura bilməsindədir".
Çingiz Şahbazi onu da deyib ki, BMT Sivilizasiyalar Alyansı (UNAOC) dialoqun praktik nəticələrə çevrilməsinə əsas diqqəti çəkir və forumu beynəlxalq əməkdaşlıq çərçivəsində təqdim edir:
"Mədəniyyət və təhsil imkanları vasitəsilə sülh quruculuğunu vurğulayır. Burda Bakı üçün əsas məqsəd və başlıca perspektiv bu beynəlxalq diqqəti davamlı əməkdaşlığa çevirməkdir. Bu baxımdan da hesab edirəm ki, əgər forum çərçivəsində irəli sürülən ideyalar, konkret proqramlar, elmi və mədəni mübadilələr, layihələr, etimad və digər təşəbbüslər davam etdirilərsə, Bakı Prosesinin beynəlxalq əhəmiyyəti daha da artacaq. Əks halda tədbirin beynəlxalq səviyyədə tanınması əlbəttə ki görünən nəticədir, onun Azərbaycana uzunmüddətli perspektivdə siyasi və iqtisadi faydası isə qarşıdakı dövrdə əldə olunacaq real nəticələrlə ölçülməlidir".
Süleyman












































