
Bakı Forumu qlobal həmrəyliyin mərkəzində
Bakı növbəti dəfə mədəniyyətlərin, sivilizasiyaların və müxtəlif dini konfessiyaların qlobal dialoq mərkəzinə çevrilib. “Ortaq gələcək naminə dialoq” mövzusuna həsr olunmuş VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev proqram xarakterli geniş nitq söyləyib. Dövlət başçısının çıxışı həm Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunu, həm də müasir dünyada getdikcə mürəkkəbləşən geopolitik şəraitdə dialoq və həmrəyliyin nə dərəcədə vacib olduğunu bir daha nümayiş etdirib.
Bakı Prosesi: Multikulturalizmin qlobal brendi
Prezident İlham Əliyev çıxışında 2008-ci ildə təməli qoyulmuş “Bakı Prosesi”nin keçdiyi tarixi yola toxunaraq, bu təşəbbüsün artıq sivilizasiyalararası dialoq sahəsində dünyada ən nüfuzlu platformalardan birinə çevrildiyini vurğulayıb. Azərbaycanın coğrafi və mədəni baxımdan Şərqlə Qərbin qovşağında yerləşməsi ölkəmizə fərqli mədəniyyətləri bir araya gətirmək üçün unikal imkan yaradır.
“Azərbaycan əsrlər boyu müxtəlif xalqların, dinlərin və mədəniyyətlərin dinc yanaşı yaşadığı, qarşılıqlı hörmət və ehtiramın hökm sürdüyü bir məkan olmuşdur. Bu gün multikulturalizm bizim üçün sadəcə dövlət siyasəti deyil, həyat tərzidir.”
Dövlət başçısı beynəlxalq aləmdə müşahidə olunan ksenofobiya, islamofobiya, irqçilik və neomüstəmləkəçilik təzahürlərinə qarşı birgə mübarizənin vacibliyini xüsusi qeyd edib. Prezident bildirib ki, qlobal münaqişələrin, gərginliklərin və inamsızlığın artdığı bir dövrdə qarşılıqlı anlaşma və etimadın bərpası üçün mədəniyyətlərarası dialoqa ehtiyac hər zamankından daha çoxdur.
Çıxışda Cənubi Qafqazda davamlı sülhün və təhlükəsizliyin bərqərar olunması istiqamətində Azərbaycanın atdığı addımlar, bölgədə yaradılan yeni reallıqlar və regional əməkdaşlıq perspektivləri də geniş yer alıb.
Müxtəlif mədəniyyətlər arasında etimadın və qarşılıqlı anlaşmanın gücləndirilməsi
Mədəni müxtəlifliyin qorunması fonunda sülh şəraitində birgəyaşayışın təşviqi
Yeni nəslin radikallaşmadan uzaq tutulması və dialoq dəyərlərinə sadiqliyi
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Prezident İlham Əliyevin proqram xarakterli çıxışı bir daha sübut etdi ki, Azərbaycan yalnız iqtisadi və siyasi layihələrin deyil, həm də bəşəriyyəti birşləşdirən mənəvi və mədəni təşəbbüslərin öncülüdür. Bakıdan səslənən "Ortaq gələcək naminə dialoq" çağırışı qlobal sülhün və təhlükəsizliyin təmin edilməsi üçün mühüm yol xəritəsidir.
YAP Yevlax rayon təşkilatının fəalı,Yevlax şəhər Nizami adına 7 nömrəli tam orta ümumtəhsil məktəbinin direktor müavini Nərmin Səmədova












































