
Azərbaycanın xarici siyasət konsepsiyasında Avropa, Qərb təsisatları ilə yanaşı, Şərq aləmi, İslam dünyası, bu coğrafiyanı əhatə edən beynəlxalq təşkilatlarla əməkdaşlıq da xüsusi yer alır. Müstəqilliyin ilk illərinə təsadüf edən bu əlaqələr və qarşılıqlı-faydalı əməkdaşlıq günümüzdə daha da inkişaf edir, İslam coğrafiyasında sülhə, sabitliyə, birlik və bərabərliyə fayda verən imkanlar yaradır. Təsadüfi deyil ki, Azərbaycanın yüksək səviyyəli əlaqələr qurduğu beynəlxalq təşkilatlar sırasında müsəlman dünyasını özündə birləşdirən İslam Əməkdaşlıq Təşkilatı və İCESKO xüsusi yer tutur. Azərbaycan təşkilat çərçivəsində fəaliyyəti ilə müsəlman dövlətləri arasında əməkdaşlığın inkişafına, beynəlxalq məsələlər üzrə dialoqun gücləndirilməsinə, sülhün və sabitliyin möhkəmləndirilməsinə töhfə verir. Bakı ilə həm İƏT, həm də İCESKO arasında əlaqələr təkcə özündə dini bağlılığı əks etdirmir. Tərəflər arasında qurulan münasibətlər konkret əməkdaşlıq layihələri, ortaq təşəbbüslər və beynəlxalq platformalarda qarşılıqlı fəaliyyət vasitəsilə inkişaf etdirilir. Bu günlərdə Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Forum da məhz sözügedən əməkdaşlığın ərsəyə gətirdiyi uğurlu layihələrdən biri idi.
Qeyd etmək yerinə düşər ki, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı ilə əməkdaşlıq Azərbaycanın İslam dünyası ilə əlaqələrinin mühüm istiqamətlərindən birini təşkil edir. Bu əməkdaşlıq təhsil, elm, mədəniyyət və humanitar sahələrdə ortaq layihələrin həyata keçirilməsinə, xalqlar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsinə xidmət edir. Azərbaycanın ICESCO ilə əməkdaşlığı iki əsas istiqamətdə əhəmiyyət daşıyır. Bu əməkdaşlıq bir tərəfdən, ölkəmizin zəngin tarixi və mədəni irsinin beynəlxalq miqyasda tanıdılmasına imkan yaradır, digər tərəfdən isə İslam dünyasının müxtəlif ölkələrində təhsil və humanitar təşəbbüslərin dəstəklənməsinə töhfə verir.
Eyni ilə İslam Əməkdaşlıq Təşkilatı ilə parallel istiqamətdə iş aparılır və Bakı ilə İƏT arasında qurulan qarşılıqlı faydalı əməkdaşlıq nəticəsində Azərbaycan İslam dünyasında birlik və bərabərliyə xidmət edən bir sıra mühüm əhəmiyyətli tədbirlər həyata keçirib. Bunlar sırasında 2017-ci ildə Bakıda keçirilən İslam Həmrəylik Oyunlarını xüsusi qeyd etmək lazımdır. Ümumiyyətlə, Azərbaycanın sözügedən təşkilatlarla əlaqələrinin əsas məqsədlərindən biri müsəlman ölkələri arasında qarşılıqlı etimadın gücləndirilməsi, ortaq problemlərin həlli üçün birgə fəaliyyətin təşviqi və beynəlxalq təşkilatların imkanlarından səmərəli istifadə edilməsidir.
Məlum olduğu kimi VII Ümumdünya Mədəniyyətlərarası Forum çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İsmayıl Ould Şeyx Əhməd və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Səlim bin Məhəmməd əl-Malik ilə görüşüb. Görüşlərdə VII Mədəniyyətlərarası Dialoq Forumunun uğurla keçirildiyi vurğulanmaqla yanaşı, gələcək əməkdaşlığın perspektivləri də müzakirə edilib. Eyni zamanda dünyada münaqişələrin davam etdiyi bir şəraitdə dövlətlərin müharibələrin dayandırılması ilə bağlı Azərbaycanın təcrübəsinə müraciət etməsinin vacibliyi, həmçinin dövlətlərin daxili işlərinə qarışmamaq prinsipinə dair Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərin müasir beynəlxalq münasibətlər baxımından xüsusi aktuallıq kəsb etdiyi vurğulanıb.
Bu məqamda onu da qeyd etmək yerinə düşər ki, növbəti il də Azərbaycan İslam coğrafiyasının əsas diqqət mərkəzində olacaq. Bu, gələn il həm İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə Bakının ev sahibliyi edəcəyi, həm də təşkilata sədrliyin Azərbaycan tərəfindən həyata keçiriləcəyi ilə bağlıdır.
Heydər Əliyev Fondunun Azərbaycanın İslam dünyasında humanitar əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfələri də xüsusi qeyd etmək lazımdır. Fondun təhsil, mədəniyyət, səhiyyə və sosial müdafiə sahələrində həyata keçirdiyi layihələr ölkəmizin beynəlxalq humanitar əməkdaşlıq imkanlarını genişləndirir.
Bu istiqamətdə Fondun vitse-prezidenti Leyla Əliyevanın beynəlxalq layihələrdə iştirakı xüsusi əhəmiyyət daşıyır. Onun təşəbbüsləri və ICESCO ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr təhsil imkanlarının genişləndirilməsinə, həssas əhali qruplarının dəstəklənməsinə və mədəni irsin qorunmasına xidmət edir.
Xüsusilə Afrika ölkələrində təhsil alan qızların və sosial müdafiəyə ehtiyacı olan insanların dəstəklənməsinə yönəlmiş layihələr bu fəaliyyətin humanitar mahiyyətini aydın şəkildə göstərir. Belə təşəbbüslər çərçivəsində təhsil şəraitinin yaxşılaşdırılması, sanitar infrastrukturun inkişafı, həyat bacarıqlarının artırılması və sosial imkanların genişləndirilməsi nəzərdə tutulur.
Bir sözlə, Heydər Əliyev Fondunun ICESCO ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən təşəbbüslər özündə bütün istiqamətləri, xüsusilə də mədəniyyət, elm, təhsil və texnologiya sahələrində əlaqələrin inkişafını əks etdirir, bu əməkdaşlıq eyni zamanda müxtəlif xalqların tarixi-mədəni dəyərlərinin qorunmasına xidmət edir.
Nəsib Məhəməliyev,
Milli Məclisin deputatı












































