
"Rusiyanın Türk Dövlətləri Təşkilatına Rusiyanın da qoşulması təşəbbüsü normal məntiqə əsaslanmır. Rusiyanın bu təşkilata qoşulması nəinki TDT-nin gücünə əlavə güc qatmış olar, əksinə onu dağıdar".
Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin "Türk Dövlətləri Təşkilatının (TDT) Ankarada keçirilən 13-cü sammitində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin təşkilatın Rusiya ilə əməkdaşlığını genişləndirməyi təklif etməsi və Moskvanın "TDT+" formatına qoşula və ya müşahidəçi statusunu ala biləcəyi barədə fikirlərinə münasibət bildirərkən səsləndirib. O qeyd edib ki, Rusiya hər zaman Türk dünyasının birlik və bərabərliyinə, həmrəyliyinə, bu ölkələrin bir platforma altında birləşməsinə qarşı çıxıb:
"Moskva təkcə sözdə deyil, əməldə də eyni məntiqə, siyasətə sadiq qaldığını sübuta yetirib. Bu cür siyasət yürüdən, Türk birliyi ideyasına qarşı olan bir ölkənin Türk Dövlətləri Təşkilatına qoşulması xeyirdən çox, zərər verə bilər".
Arzuman Muradlı onu da deyib ki, Rusiya normal təfəkkürlə, qonşularla qarşılıqlı faydalı əməkdaşlığa, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşsa, əslində onun da Türk Dövlətləri Təşkilatında təmsilçiliyi, yaxud müşahidəçi statusu qazanması normal olar:
"Çünki Rusiyanın ərazisinin böyük bir hissəsi türk xalqları və muxtar qurumlarından ibarətdir. Ancaq təəssüf ki, Moskva hər zaman həmin muxtar qurumlara, xalqlara qarşı xoş münasibət bəsləməyib, onları sıxmağa, təzyiq altında saxlamağa çalışıb. Ona görə də hesab edirəm ki, Rusiyanın bu məntiqi təfəkkürü dəyişməyənə qədər Moskvanın hansısa formada TDT-yə qoşulması absurddur".
Süleyman












































