
Azərbaycan Prezidentinin hansı tədbirə gedib, ya getməyəcəyi onun müstəsna işidir və buna şəxsən Prezident özü qərar verir. Kimsə niyə Prezident harasa gəlmədi deyə bunu sorğulaya bilməz. Hər nə səbəbə Prezident belə qərar veribsə, deməli, belə lazım olub.
Prezidentin TDT tədbirinə qatılmaması da hələ Azərbaycanın bu quruma artıq soyuq baxdığı, başqa istiqamət tutacağı anlamına gəlmir. Ölkələr arasında gərginlik var və bu gərginliyin əsl səbəbləri tərəflərin yüksək səviyyədə idarəçilərinə bəllidir. Kənar mülahizələrlə vəziyyəti gərginləşdirmək lazım deyil.
Nə Azərbaycan, nə də Türkiyə bir-birindən vaz keçəsi deyil. Gərginliyin açıq müstəviyə çıxması onu göstərir ki, səbəb hansısa prinsipial məsələdir. Burda çox versiyalar var, amma hamısı sadəcə iddiadan ibarətdir. Yaşayıb görəcəyik. Başqa məsələlər olsa idi, regional, ya geosiyasi, günlərlə mülahizələr irəli sürüb müzakirə etmək olardı. Amma, məsələ Azərbaycan və Türkiyə olunca hər iki tərəfin susması məsləhətdir.
Azər Qasımov












































