
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dünən Ankara keçirilən Türk Dövlətləri Təşkilatının sammitindəki çıxışında Rusiyanın Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi statusunda qoşulmasını təklif edib. Tokayev deyib ki, Rusiya böyük dövlətdir və onun ərazisində tarixən çoxsaylı türk xalqlarının nümayəndələri yaşayıb. Rusiyanın TDT-yə üzv qəbul edilməsi türk dövlətlərinə faydalı olardı.
Qızıl Ordanın külləri üzərində inşa olunan və hazırda davam edən Rusiya-Ukrayna müharibəsinin gedişatında olduğu kimi tarix boyu yüzminlərlə türkün qətlə yetirilməsində, türk torpaqlarının işğalda saxlanılmasında hələ də rəsmi Kremli ötüb keçən ölkə yoxdur. Bu mövzunu hələlik ayrıca müzakirə etmək üçün saxlayıb bir məsələni xüsusi vurğulamağa məcburuq: Əgər türk dövlətləri birliyi ailəsinə üzvlük üçün meyar sadəcə ərazisində türk xalqlarının yaşaması və böyük dövlət olmaqdırsa onda yalnız Rusiya ilə kifayətlənə bilməyəcəyik. Belə çıxır ki, gərək 30-40 milyon uyğur türkünün yaşadığı Çin də TDT-yə üzv qəbul edilsin.
Mənşə etibarı ilə türk olduqlarına dair nəzəri məlumatların, əsərlərin mövcud olduğu milyonlarla hindunun yaşadığı ABŞ da TDT sıralarına qəbul olunsun.
Musəvi xəzər türklərinin yaşadığı İsrail də TDT-yə üzv olsun.
ABŞ 30,8, Çin 19,5, Rusiya isə 2,5 trilyon dollar ÜDM-ə malikdir. Onların TDT-yə üzv olması adıçəkilən qlobal ambisiyalı dövlətlərin türk dövlətlərinin koalisiyasını nəzarətə götürməsi demək olacaq. Əgər nəticə hazırkı diktəedici siyasi güclərlə hesablaşmaq, onların arxa bağçasına çevrilməkdirsə onda TDT-nin mövcudluğuna hansı ehtiyac var?!
Əsası 3 oktyabr 2009-cu ildə imzalanmış Naxçıvan sazişi ilə qoyulan Türk Dövlətləri Təşkilatı sadəcə emosional notlar üzərində qurulan və mədəniyyət layihələri həyata keçirən beynəlxalq təşkilat deyil. Prezident İlham Əliyev də, Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan da çıxışlarında dəfərlərlə bildiriblər ki, ortaq tarixi, mədəni dəyərlər üzərində inşa olunan TDT-yə qlobal güc potensialı olan birlik kimi baxırlar və bunun gerçəkləşməsi üçün çalışırlar.
Azərbaycanın ll Qarabağ müharibəsində Ermənistanın simasında rəsmi və qeyri-rəsmi anti-türk koalisiyası üzərində parlaq qələbə qazanmasından sonra türk dövlətləri arasında konsaldasiyanın daha da vüsət aldığını demək olar ki, bütün analtiklər etiraf edirlər. Sevindiricidir ki Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası bu platformada sadəcə iştirakçı və üzv deyil, həm də avanqard rola malik olan təşviqedici gücdür.
Türk Dövlətləri Birliyinin qlobal gücə çevrilmək məqsədi ortaq tarixi köklərin, dil və mədəniyyət birliyinin gücləndirilməsi ilə yanaşı üzv dövlətlərin iqtisadi, siyasi, hərbi və geostrateji potensialını vahid strateji platformada birləşdirmək zərurətindən irəli gəlir. Ayrılıqda iqtisadi və hərbi imkanları qlobal aktor olmaq üçün kifayət etməyən türk dövlətləri ilə bütün sferalarda fəaliyyətin koordinasiyasını təmin edən, müttəfiqlərin birləşdiyi koalisiyanın - Turanın güc mərkəzi kimi gələcəkdə beynəlxalq münasibətlərə təsir imkanı müqayisə olunmazdır.
TDT-nin məqsədi türk dünyasının müstəqil dövlətlərini vahid çətir altında birləşdirən, beynəlxalq münasibətlər sistemində öz maraqlarını müstəqil şəkildə müdafiə və təmin edən, qlobal qərarların qəbulunda söz sahibi olan güc mərkəzinə çevrilməkdir.
Bu hədəfə çatmağın əsas şərtləri humanitar sferada (dil, tarix, ədəbiyyat, əlifba və s.) mövcud olan pərakəndiliyin və zərərli fərqliliyin aradan qaldırılması, ortaq iqtisadi məkanın formalaşdırılması, enerji və nəqliyyat dəhlizlərinin birləşdirilməsi, müdafiə sənayesi və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq siyasətdə vahid mövqedən çıxış edilməsidir. Türk dünyası yalnız ortaq keçmişin deyil, həm də ortaq gələcəyin siyasi və geosiyasi aktoruna çevrilməlidir. Bunun üçün dünyaya türk vizyonu ilə yanaşmaq lazımdır.
Görünür, təəssüf ki, hələ də Türküstan coğrafiyasının liderləri içərisində dünyaya türk baxışı ilə yox, rus (eləcə də digər qlobal mərkəzlərin) gözlüyü ilə nəzər salmağın daha faydalı olmasına inanlar var. Çıxılan yol təbii ki, asan deyil. İlk gündən bu yolun hamar olacağını düşünməyə belə dəyməzdi. Tarixin müxtəlif mərhələlərində fərqli ictimai-iqtisadi formasiya və təsirlər nəticəsində parçalanaraq zəif düşən türk dövlətlərinin yenidən birləşərək minillər boyu var olduqları coğrafiyalarında meydan sulayan kənar gücləri kənarlaşdırmaq və qlobal arenda söz sahibi olmaq üçün daha çox əzm, iradə nümayiş etdirməsi və strateji plan əsasında, habelə artan xətt üzrə ardıcıl fəaliyyət göstərməsi lazımdır. Untmayaq ki, ayrılıqda əzab, birlikdə bərəkət vardır.
Elməddin Behbud,
“Demokratik Azərbaycan Naminə” Gənclərin İctimai Birliyinin sədri












































