
Özbəkistanın paytaxtı Daşkənd şəhərində Azərbaycanın 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil olunub.
Newscenter.az-ın məlumatına görə, tədbir Azərbaycanın Özbəkistandakı səfirliyi və səfirliyin tabeliyində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
Mərasimdə dövlət və hökumət nümayəndələri, diplomatik korpusun üzvləri, beynəlxalq təşkilatların təmsilçiləri, elm, mədəniyyət və incəsənət xadimləri, diasporunun üzvləri, eləcə də yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Rəsmi qəbulda çıxış edən Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədov 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının tarixindəki müstəsna əhəmiyyətindən bəhs edib.

Diplomat bildirib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan xalqının birlik, əzm və qətiyyətinin təntənəsinə çevrilib.

O vurğulayıb ki, 8 Noyabr Zəfəri Azərbaycan xalqının milli yaddaşına əbədi həkk olunmuş, ölkəmizin müasir dövlətçilik tarixində yeni mərhələnin əsasını qoyub.
Rəsmi hissədən sonra Zəfər Gününə həsr olunmuş təntənəli bədii proqram təqdim edilib.
Süleyman












































