Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

8 Noyabr – Zəfərimizin əbədiləşdiyi tarix

8 Noyabr – Zəfərimizin əbədiləşdiyi tarix



Azərbaycan uzun illər Ermənistanla münaqişə şəraitində yaşamış, atəşkəs rejiminə baxmayaraq, cəbhə xəttində və dövlət sərhədində vaxtaşırı hərbi gərginliklərlə üzləşmişdir. 2016-cı ilin aprel ayında cəbhə xəttində baş verən dördgünlük döyüşlər münaqişənin hələ də ciddi təhlükə mənbəyi olaraq qaldığını bir daha göstərdi. 2020-ci il iyulun 12-də isə Tovuz istiqamətində baş verən hərbi toqquşmalar nəticəsində Azərbaycan hərbçiləri və mülki şəxs həlak oldu, sərhədyanı yaşayış məntəqələrinə ziyan dəydi. Bu hadisələr ölkəmizin təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin olunmasının nə qədər vacib olduğunu bir daha gündəmə gətirdi. 2020-ci il sentyabrın 27-də cəbhə xəttində başlanan genişmiqyaslı hərbi əməliyyatlar isə Vətən müharibəsinə çevrildi.
Beləliklə 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatlarına cavab olaraq, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qərarı ilə Azərbaycan Ordusu bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başladı. Bu addım ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin qorunması, işğal altında olan torpaqlarımızın azad edilməsi məqsədi daşıyırdı. Azərbaycan Ordusu düşmənin hücumlarının qarşısını alaraq əks-hücum əməliyyatları çərçivəsində işğal altındakı ərazilərin azad olunması istiqamətində genişmiqyaslı hərbi əməliyyatlar həyata keçirdi.
Bildirmək istərdim ki,44 gün davam edən Vətən müharibəsi ərzində Azərbaycan Ordusu hər gün irəliyə doğru addımlayaraq yeni yaşayış məntəqələrini və strateji yüksəklikləri işğaldan azad etdi. Bu döyüşlərin ən mühüm hadisələrindən biri noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi oldu. Məhz bu tarixi Qələbənin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə noyabrın 8-i Zəfər Günü elan edildi.
Qazanılan Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı, “Böyük Qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı mərhələli şəkildə davam etdirilir. Bununla yanaşı, həmin ərazilərdə sakinlərin məşğulluğunun təmin olunması, yeni iş yerlərinin yaradılması, peşə hazırlığı kurslarının təşkili və özünüməşğulluq imkanlarının genişləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir.
Bununla yanaşı, Xankəndi şəhərində Zəfər tariximizin əbədiləşdirilməsi məqsədilə Zəfər parkı salınıb. Prezident İlham Əliyevin iştirakı ilə 2025-ci il dekabrın 24-də açılışı keçirilən park 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbənin rəmzlərindən biridir. Parkın mərkəzində ucaldılan 44 metr hündürlüyündə Zəfər tağı müharibənin 44 gününü, girişdən tağa doğru salınan 44 pilləkən isə hər gün qazanılan uğurları simvolizə edir. Xankəndidə belə bir Zəfər məkanının yaradılması Qələbəmizin gələcək nəsillərə çatdırılması, şəhidlərimizin xatirəsinin yaşadılması və milli yaddaşımızın qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu park Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasının, xalqımızın birliyinin və tarixi Zəfərinin əbədi rəmzi kimi yaşayacaqdır.
Lalə Məmmədova
YAP Yevlax rayon təşkilatının fəalı
Xəbəri paylaş