
2020-ci il noyabrın 8-də Azərbaycan xalqı milli birliyinin, güclü dövlət iradəsinin və Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyinin təcəssümü olan tarixi Zəfərə imza ataraq öz adını tarixə qızıl hərflərlə yazdırdı.
Ölkə başçısının qeyd etdiyi kimi: “Prezident kimi 2003-cü ildən bu günə qədər bütün addımlarım Azərbaycanın gücləndirilməsinə yönəldilmişdir. Vətən müharibəsinə qədər bütün addımlarım bir amala xidmət edirdi ki, biz torpaqlarımızı azad edək, düşməni torpağımızdan qovaq və biz buna nail olduq.”
Bu fikirlər dövlət başçısının uzun illər ərzində həyata keçirdiyi siyasətin əsas məqsədini, ölkənin hərbi qüdrətinin artırılmasına və ərazi bütövlüyümüzün bərpasına yönəlmiş ardıcıl fəaliyyətini ifadə edir. 2020-ci ildə əldə edilən tarixi Qələbə isə bu məqsədə çatmaq üçün görülən hazırlıq işlərinin və xalqımızın milli birliyinin mühüm nəticəsi oldu.
Bu siyasətin nəticəsi olaraq 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” əməliyyatını həyata keçirərək torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində mühüm hərbi uğurlar əldə etdi. Xalqımızın və ordumuzun birliyi, əsgər və zabitlərimizin qəhrəmanlığı nəticəsində noyabrın 8-də Şuşa şəhəri azad edildi və bu tarixi hadisə Azərbaycanın Zəfər yolunda həlledici mərhələyə çevrildi. Məhz 2020-ci il noyabrın 8-də Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində qazandığı Qələbəni əbədiləşdirmək məqsədilə Zəfər Gününü qeyd etməyə başladı. Bu gün 8 Noyabr – Zəfər Günü xalqımızın yaddaşında milli qürur, birlik və tarixi Qələbənin rəmzi kimi yaşayır.
Sonda qeyd etmək istərdim ki, 44 günlük Vətən müharibəsində qazanılan Qələbə regionda tamamilə yeni reallıqların yaranmasına səbəb oldu. Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə ölkəmizin suveren hüquqları təmin edildi, Qarabağın statusu ilə bağlı müzakirələr öz əhəmiyyətini itirdi və tarixi Azərbaycan torpaqlarında yeni erməni dövlətinin yaradılması planları iflasa uğradı. Müzəffər Ordumuzun döyüş meydanında əldə etdiyi uğurlar Azərbaycanın öz torpaqlarının sahibi olduğunu və milli iradəsini heç bir qüvvənin sarsıda bilməyəcəyini nümayiş etdirdi. Bu tarixi Qələbə bir daha bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır!
Kəmalə Ələkbərova
YAP Yevlax rayon təşkilatının fəalı











































