
8 Noyabr Azərbaycan tarixində yalnız hərbi Qələbənin əldə edildiyi gün deyil, həm də uzun illər ərzində pozulmuş ədalətin bərpası baxımından xüsusi əhəmiyyət daşıyır.
Newscenter.az-ın xəbərinə görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Əminə Ağazadə parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Deputat qeyd edib ki, Azərbaycan uzun illər beynəlxalq hüququn prinsiplərinə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə istinad etsə də, beynəlxalq sənədlərdə əksini tapmış qərarların icrası təmin olunmayıb.
Onun sözlərinə görə, hüququn mövcudluğu ilə onun real həyatda təmin edilməsi eyni anlayış deyil və Azərbaycan uzun illər məhz bu ziddiyyətlə üzləşib.
Bildirilib ki, 2020-ci ildə əldə edilən Qələbə bu vəziyyəti dəyişib, 2023-cü ildə isə Azərbaycan özünün bütün ərazisində suverenliyini tam təmin edib.
Deputat vurğulayıb ki, Azərbaycanın öz suveren hüquqlarını həyata keçirməsi başqa dövlətin hüquqlarının pozulması deyil, ölkənin öz ərazisi üzərində qanuni hakimiyyətinin bərpası idi.
O qeyd edib ki, Zəfərin əhəmiyyəti yalnız keçmişdə baş verən hadisələrlə məhdudlaşmır. Hazırda əsas məsuliyyət əldə edilmiş nəticələri hüquqi, siyasi və iqtisadi baxımdan davamlı etməkdir.
Çıxışda işğaldan azad edilmiş ərazilərdə insanların öz evlərinə qayıtması, mülkiyyət hüquqlarının bərpası və təhlükəsiz yaşayış şəraitinin yaradılmasının Zəfərin gündəlik həyatda təzahürü olduğu bildirilib.
Deputat sülhün əhəmiyyətinə də toxunaraq qeyd edib ki, Azərbaycanın davamlı və hüquqi təminatlara əsaslanan sülhdə maraqlı olması xüsusi əhəmiyyət daşıyır.
Onun fikrincə, sülh keçmişdə baş verənlərin unudulması deyil, həmin hadisələrin təkrarlanmaması üçün etibarlı hüquqi və siyasi təminatların yaradılmasıdır.
Çıxışda 8 Noyabr Zəfərinin əldə olunmasında şəhidlərin və qazilərin xidmətləri xüsusi qeyd edilib. Eyni zamanda, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, qətiyyətli rəhbərliyi və strateji qərarlarının tarixi Qələbədəki roluna diqqət çəkilib.
Deputat bildirib ki, bu gün Azərbaycanın əsas vəzifəsi Zəfərin nəticələrini qorumaq, şəhidlərin uğrunda canlarından keçdikləri torpaqlarda təhlükəsiz və layiqli həyatı təmin etmək, ədalətli və güclü dövlət quruculuğunu davam etdirməkdir.
O, çıxışının sonunda Milli Məclisin Bəyanatını dəstəklədiyini bildirib.











































