
“8 Noyabr xalqımızın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan müqəddəs gündür. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin güclü sərkərdəliyi ilə 30 illik işğala 44 gündə son qoyuldu, ərazi bütövlüyümüz bərpa olundu. Azərbaycan qalib ölkəyə, Azərbaycan xalqı qalib xalqa çevrildi. Bu möhtəşəm Qələbə, eyni zamanda, Azərbaycanın hərbi və iqtisadi gücünü dünyaya nümayiş etdirdi”.
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Bu il xalqımızın Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərin altıncı ildönümünü qeyd etdiyini deyən millət vəkilinin sözlərinə görə, İkinci Qarabağ müharibəsinin hər günü bir şanlı tarix, misli görünməmiş qəhrəmanlıq dastanı, Zəfər salnaməsidir. Ancaq birmənalı olaraq deyə bilərik ki, Qarabağ Zəfərinin baş tacı Şuşa qalibiyyətidir. Məhz Şuşa şəhərinin işğaldan azad edilməsinin xüsusi əhəmiyyəti nəzərə alınaraq Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla noyabrın 8-i Zəfər Günü kimi əbədiləşdirilib, şanlı tariximizin ən qürurverici təqviminə çevrilib. Ata vəsiyyətini layiqincə yerinə yetirən cənab Prezidentin tarixi missiyası uğurla tamamlandı və Zəfər Günümüzə qovuşduq.
Əlbəttə, Zəfərimizin qazanılması 44 günə ərsəyə gəlsə də, bu qürurverici tarixi salnamənin, müqəddəs yolun əsası Ulu Öndərimiz tərəfindən qoyulmuşdu. Onun möhkəm təməl üzərində formalaşdırdığı peşəkar və intizamlı ordu quruculuğu cənab İlham Əliyevin unikal məharəti və qətiyyəti sayəsində ən qüdrətli mərhələyə yüksəldi. Dövlət başçısı fəaliyyətinin ilk günündən ölkəmizin bir nömrəli taleyüklü problemi olan torpaqlarımızın erməni işğalından azad edilməsi üçün iqtisadi potensialımızı nümunəvi ordu quruculuğuna və bu ordunun qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə yönəltdi.
“Güclü iqtisadiyyat-güclü dövlət” arxitekturası üzərində “Güclü Ordu” strategiyası Silahlı Qüvvələrimiz tamamilə Qələbə ruhuna hazırladı. Eyni zamanda, respublikamızın iqtisadi-enerji potensiallarının artması, dünya birliyində etibarlı tərəfdaşa çevrilməsi və saysız dost ölkələr qazanması, habelə özünün enerji-tranzit imkanlarından məharətlə istifadə etməsi geosiyasi dividentlər və diplomatik cəbhədə üstünlüklər qazandırdı. Bu mükəmməl siyasi hücum taktikası sayəsində qlobal birlikdə Ermənistanın işğalçı siması tamamailə təsdiqləndi.
Zəfər missiyasını hər bir azərbaycanlı özü üçün müqəddəs amal və borc hesab edərək bu şərəfli yolda Ali rəhbərinə sığındı, etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşları görünməmiş həmrəylik, mütəşəkkillik və yetkinlik nümayiş etdirdi. Vətən müharibəsi zamanı siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər ünvanlaması, Onun ətrafında sıx birləşməsi ümummilli məsələlərdə siyasi mənsubiyyətindən asılı olmayaraq hamının bir cəbhədə və səngərdə olmasını təsdiqlədi. Bu çətin günlərdə və taleyüklü məsələlərdə yenə də milli xainlər, xarici ölkələrə qulluq edən satqınların kimliyi də gizli qalmadı. Çox təəssüf ki, AXCP, Müsavat Partiyası və “Milli Şura” kimi ünsürlər həmrəylik hərəkatına qoşulmamaqla anti-Vətən xislətlərini yenə də biruzə verdilər.
Samir Vəliyev qeyd edib ki, Azərbaycan Ordusu 2023-cü il sentyabrın 19-20-də birgünlük uğurlu antiterror tədbirləri nəticəsində qanunsuz erməni silahlı birləşmələrinin, separatizmin mövcudluğuna son qoyaraq 86,6 min kv.km ərazisində suverenliyimizi tam bərqərar etdi: “Bu gün isə Azərbaycan dövləti hərb meydanında qazandığı inamlı qələbələri azad əraziləri bərpa etməklə davam etdirir, quruculuq missiyası böyük miqyas almaqla bölgədə əbədi sülh və firavanlıq yaratmaqdadır. Eyni zamanda, regionun geosiyasi landşaftını dəyişən Azərbaycan trans-kontinental tranzit-logistika şəbəkələri qurmaqla Asiya və Avropanı birləşdirən nəhəng əməkdaşlıq körpüləri inşa edir ki, onların ən böyük sütunlarından biri Zəngəzur dəhlizidir. Ölkəmiz geniş əməkdaşlıq, sülh və rifah dəhlizinə çevirdiyi Zəngəzur koridorunu bərqərar etməklə dünyadan təcrid olunmuş, qlobal logistika və tranzitlərə qapısı bağlı olan Ermənistanı da bu həmrəylik ailəsinə qoşmağa çalışır. Rəsmi İrəvan onun üçün açılmış bu tarixi fürsəti dəyərələndirərək Azərbaycanla sülh sazişi imzalamaqla həm bölgədə firavan həyat quruculuğunda yer ala, həm də əbədi təhlükəsiz səadətini qura və inkişaf edə bilər. Cənab Prezidentin də bəyan etdiyi Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik”.
“Artıq Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində Cənubi Qafqaz dayanıqlı sülh və əməkdaşlıq astanasındadır. Bu tarixi nailiyyəti isə xalqımıza qazandıran, şanlı ordumuzun gücü, şəhidlərimizin, qazilərimizin qanı-canı hesabına əldə edilən tarixi Zəfər Günüdür!” – deyə, Samir Vəliyev vurğulayıb.
Süleyman










































