
"Son zamanlar cəmiyyətdə elə şəxslərə rast gəlirik ki, deputatların və dövlət rəsmilərinin səsləndirdikləri fikirləri bilərəkdən kontekstdən çıxararaq, təhrif olunmuş formada ictimaiyyətə təqdim edir, bununla da insanlarda yanlış təsəvvür və müəyyən şəxslərə qarşı süni mənfi münasibət formalaşdırmağa çalışırlar. Təəssüf ki, bu cür şəxslərin əsas məqsədi bəzən həqiqəti ictimaiyyətə çatdırmaq deyil, TikTok və digər sosial şəbəkələrdə izləyici sayını artırmaq, bundan öz maraqları naminə istifadə etmək olur.
Daha təəssüfləndirici məqam isə ondan ibarətdir ki, bəzi vətəndaşlarımız yayılan məlumatların mahiyyətini araşdırmadan, həqiqəti öyrənməyə çalışmadan, həmin paylaşımların təsiri altında sərt və bəzən də təhqiramiz fikirlər səsləndirirlər. Halbuki hər bir məsələyə münasibət bildirərkən ilk növbədə onun mahiyyətini araşdırmaq, məlumatın ilkin mənbəyinə müraciət etmək və deyilənləri düzgün anlamaq lazımdır".
Newscenter.az-ın xəbərinə görə, bunları Milli Məclisin deputatı Azər Badamov deyib. Millət vəkili bildirib ki, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin keçirilən iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər müzakirə olunarkən səsləndirdiyim fikirlərin təhrif edilərək ictimaiyyətə təqdim olunması da bunun növbəti nümunəsidir:
"Belə ki, bəzi sosial şəbəkə istifadəçiləri mənim çıxışımı tamamilə fərqli şəkildə təqdim edərək, guya kuryer fəaliyyəti ilə məşğul olan şəxslərin vergiyə cəlb edilməsinin vacibliyini müdafiə etdiyimi iddia edirlər. Halbuki mənim səsləndirdiyim fikir bunun tam əksinə, kuryerlərin vergi yükünün daha aşağı olması və onların maraqlarına uyğun mexanizmin tətbiq edilməsi ilə bağlı olub.
Məsələnin mahiyyətini daha aydın izah etmək istəyirəm.
Təklif olunan dəyişikliklərdə kuryer fəaliyyəti ilə məşğul olan şəxslər üçün 15 manat məbləğində sabit vergi ödənişi nəzərdə tutulduğu halda, mənim təklifim bu sahədə də taksi fəaliyyəti üçün tətbiqi nəzərdə tutulan 1 faizlik vergi dərəcəsinin tətbiq edilməsindən ibarət olub. Yəni sabit məbləğ əvəzinə əldə olunan gəlirin 1 faizi həcmində vergi ödənilməsi mexanizminin tətbiqini təklif etmişəm.
Sadə bir misalla izah edim: ay ərzində 500 manat gəlir əldə edən kuryer təklif olunan sabit mexanizmə əsasən 15 manat vergi ödəməli olduğu halda, mənim təklif etdiyim mexanizmlə cəmi 5 manat vergi ödəyəcəkdi.
Göründüyü kimi, mənim təklifim kuryerlərin vergi yükünü artırmağa deyil, əksinə, azaltmağa, onların gəlirlərini və sosial-iqtisadi vəziyyətini nəzərə alan daha ədalətli vergi mexanizminin tətbiqinə xidmət edir. Bu yanaşma, ilk növbədə, cəmiyyətimizin bir üzvü olan və gündəlik zəhməti ilə dolanışığını təmin edən kuryerlərin maraqlarına uyğundur".
Deputat təəssüf hissi ilə qeyd edib ki, bəzi şəxslər məsələnin mahiyyətini ictimaiyyətə izah etmək əvəzinə, səsləndirilən fikirləri təhrif edərək tamamilə fərqli məzmun formalaşdırmağa çalışırlar:
"Daha acınacaqlısı isə budur ki, bu təhriflərə inanan, araşdırmadan həmin kampaniyalara qoşulan və öz münasibətini yanlış məlumatlar əsasında formalaşdıran insanlar da tapılır.
Bir daha qeyd etmək istəyirəm ki, ictimai xadimlərin, deputatların və dövlət rəsmilərinin fikirlərini tənqid etmək hər bir vətəndaşın hüququdur. Sağlam tənqid cəmiyyətin inkişafına xidmət edir. Lakin tənqid faktlara, obyektivliyə və həqiqətə əsaslanmalıdır. Fikirləri kontekstdən çıxarmaq, deyilənləri təhrif etmək və bunun üzərindən insanları yanlış istiqamətləndirmək nə sağlam tənqiddir, nə də ictimai maraqlara xidmət edir.
Gəlin, sosial şəbəkələrdə qarşımıza çıxan hər bir məlumatı həqiqət kimi qəbul etməyək. İlk növbədə araşdıraq, dinləyək, müqayisə edək və yalnız bundan sonra münasibət bildirək. Çünki bəzən biz fərqinə varmadan məhz öz maraqlarımıza xidmət edən bir təklifin əleyhinə çıxmış oluruq.
Cəmiyyət olaraq emosiyalara deyil, faktlara əsaslanmağı, kiminsə izləyici toplamaq naminə yaratdığı süni gündəmlərə deyil, məsələlərin real mahiyyətinə diqqət yetirməyi bacarmalıyıq".
Süleyman











































