
8 Noyabr Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin və Vətənə sonsuz bağlılığının təntənəsidir.
Bu tarix yalnız hərbi Qələbənin deyil, bütöv bir xalqın birlik, həmrəylik və Vətən sevgisi ətrafında birləşərək nümayiş etdirdiyi böyük gücün simvoludur.
44 günlük Vətən müharibəsi zamanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün Azərbaycan xalqı bir yumruq, bir amal ətrafında birləşdi. Ölkəmizin hər bir vətəndaşı bu mübarizənin iştirakçısına çevrildi. Şəhidlərimiz canlarını Vətən uğrunda fəda etdi, qazilərimiz misilsiz qəhrəmanlıq və fədakarlıq göstərdi, hər bir Azərbaycan əsgəri torpaqlarımızın azadlığı naminə əzmlə mübarizə apardı. Bu birlik, milli ruh və sarsılmaz iradə Zəfərimizin ən böyük mənəvi dayaqlarından oldu.

Qazanılan tarixi Qələbə Azərbaycan xalqının öz torpaqlarına sahib çıxmaq əzmini, dövlətimizin gücünü və milli həmrəyliyimizin sarsılmazlığını bütün dünyaya nümayiş etdirdi.
Bu Zəfər xalqımızın yaddaşında əbədi yaşayacaq, dövlətçilik tariximizin qürurverici səhifəsi kimi gələcək nəsillərə ötürüləcəkdir.
Bu böyük Qələbənin qazanılmasında əvəzsiz xidmətləri olan qəhrəman şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə möhkəm cansağlığı və uzun ömür arzulayırıq. Onların Vətən qarşısında göstərdikləri fədakarlıq heç zaman unudulmayacaqdır.

Zəfər Günü münasibətilə ATXƏM İB-nin sədri İlham İsmayılov qəhrəman şəhidlərimizin məzarlarını ziyarət etmiş, onların əziz xatirəsini ehtiramla yad etmişdir.
8 Noyabr – Zəfər Günü münasibətilə xalqımıza davamlı sülh, əmin-amanlıq və firavanlıq, müstəqil Azərbaycanımıza daha böyük uğurlar və tərəqqi, Türk Dünyasına sarsılmaz birlik, həmrəylik, qardaşlıq və ortaq məqsədlər naminə davamlı inkişaf arzulayırıq.
Zəfərimiz əbədi, birliyimiz daim olsun! Zəfər Günümüz mübarək!
ATXƏM ictimai birliyi












































