Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın Özbəkistandakı səfiri azərbaycanlı tələbələrlə görüşüb

Azərbaycanın Özbəkistandakı səfiri azərbaycanlı tələbələrlə görüşüb


Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Dr. Rəşad Məmmədov Özbəkistanın ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirib.

Newscenter.az xəbər verir ki, səfirliyinin tabeliyində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunan görüşdə tələbələrin təhsil şəraiti, akademik fəaliyyəti, qarşılaşdıqları çətinliklər və gələcək perspektivləri müzakirə olunub.

Görüşdə çıxış edən səfir Rəşad Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin rəhbərliyi ilə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndiyini, elm və təhsil sahəsində əməkdaşlığın genişləndiyini bildirib. Diplomat hər iki dövlət başçısının gənclərin təhsilinə və intellektual inkişafına xüsusi diqqət yetirdiyini vurğulayaraq, azərbaycanlı tələbələri yaradılan imkanlardan səmərəli istifadə etməyə, müasir bilik və bacarıqlara yiyələnməyə çağırıb. O, gənclərin Özbəkistanın akademik və ictimai həyatında fəal iştirakının əhəmiyyətini qeyd edib.

Tədbirdə çıxış edən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Akif Marifli Mədəniyyət Mərkəzinin xaricdə yaşayan və təhsil alan azərbaycanlı gəncləri bir araya gətirən, onların milli-mədəni dəyərlərlə əlaqəsini yaşadan mühüm platforma olduğunu bildirib. O, tələbələri Mərkəzin mədəni və maarifləndirici təşəbbüslərində yaxından iştirak etməyə, Azərbaycanı və onun zəngin irsini Özbəkistanda tanıtmağa töhfə verməyə çağırıb.

Səmimi və açıq dialoq şəraitində keçən görüşdə tələbələr təhsil aldıqları universitetlərdəki şərait, gündəlik həyatları və gələcək planları barədə fikirlərini bölüşüblər. Görüşün sual-cavab hissəsində tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb, onların təklif və müraciətləri dinlənilib, qaldırılan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Xarıbülbül” teatr truppasının ifasında Azərbaycan mədəniyyətini və milli-mənəvi dəyərlərimizi əks etdirən bədii proqram təqdim olunub.

Süleyman
Xəbəri paylaş