
“Azərbaycan və Türkiyə münasibətləri tarixən dostluq, qardaşlıq, qarşılıqlı etimad və ortaq milli-mənəvi dəyərlər əsasında formalaşıb. Zaman keçdikcə inkişaf edən bu münasibətlər strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2026-cı il noyabrın 8-də Zəfər Günü münasibətilə Qarabağa səfəri isə iki ölkə arasında mövcud olan sarsılmaz birliyin, həmrəyliyin və qardaşlığın növbəti parlaq təzahürü kimi xüsusi əhəmiyyət daşıyır”.
Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı deyib. O bildirib ki, Ərdoğanın Qarabağa səfəri, ilk növbədə, Türkiyənin Azərbaycanın Zəfər Gününə verdiyi yüksək siyasi və mənəvi dəstəyin ifadəsidir:
“Türkiyə Prezidentinin bu tarixi gündə Azərbaycan xalqının sevincinə şərik olması, qələbənin qürurunu bölüşməsi iki ölkə arasındakı münasibətlərin mahiyyətini bir daha nümayiş etdirir. Bu səfər həm də Türkiyənin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə verdiyi dəstəyin əyani göstəricisidir.
Səfərin məhz Qarabağda, Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdiyi torpaqlarda baş tutması xüsusi siyasi və mənəvi məna daşıyır. Ərdoğanın Qarabağda olması Türkiyənin Azərbaycanın haqq işinə verdiyi dəstəyin, iki ölkənin ortaq siyasi iradəsinin və strateji tərəfdaşlığının nümayişidir. Xankəndidə Zəfər abidəsinin ziyarəti isə Azərbaycanın tarixi qələbəsinə və dövlət suverenliyinin bərpasına verilən mənəvi qiymətin ifadəsi kimi diqqəti cəlb edir”.
Arzuman Muradlı deyib ki, Azərbaycan və Türkiyə prezidentlərinin Şuşada keçirdikləri görüşlər, mətbuata verdikləri bəyanatlar və müzakirələr iki ölkə arasındakı münasibətlərin yalnız tarixi və mənəvi bağlarla məhdudlaşmadığını, eyni zamanda, geniş siyasi, iqtisadi, təhlükəsizlik və regional əməkdaşlıq gündəliyinə malik olduğunu göstərir:
“Görüşlər zamanı ikitərəfli münasibətlərin müxtəlif istiqamətləri, regional və beynəlxalq məsələlər müzakirə olunub. Bu isə Azərbaycan-Türkiyə müttəfiqliyinin regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını bir daha təsdiqləyir”.
Süleyman











































