
Neçə il əvvəl mətbuatda bir məqalə oxumuşdum: “Bayrağım, varlığım, bəxtiyarlığım”. Həmin məqalə mənim də könlümə yatmışdı. Sevinmişdim ki, Azərbaycan gəncliyi bu fikrin işığında formalaşacaq, bayrağımızı mənəvi varlığı, varlığının bəxtiyarlığı biləcək, bu dərk onun vətəndaşlığının üvertürası olacaq...
Böyük tarixi şəxsiyyət Heydər Əliyevin bir fikri həmişə düşüncələrimdə olub: “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin”. Bu nəsihətlə formalaşmışıq, bu nəsihətlə təhsil almışıq, bu nəsihətlə dövlətçiliyimizə xidmət edirik...
Tarixdən bilirik ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb. Onu da bilirik ki, rəngləri istiqlal ideologiyasının üç təməl prinsipini ifadə edən bayrağımız “Türkçülük, müasirlik və islamçılıq” ideyalarını birləşdirir, müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir...
Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, böyük tarixi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edildi.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxıldı və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət Bayrağı elan etdi...
Dövlətçilik atributu kimi 1990-cı il noyabrın 17-də Naxçıvanda, 1991-ci il fevralın 5-də Bakıda dalğalanmağa başlayan bayrağımız, Məmməd Əmin Rəsulzadənin təəbirincə desək, bir daha enməyəcək!
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında” 2007-ci il 17 noyabr tarixli Sərəncamı ilə yaradılmış möhtəşəm ehtiram, sevgi ünvanı hər bir azərbaycanlının mənəvi dünyasının ünvanıdır. Bu Meydanda yaradılan Dövlət Bayrağı Muzeyi 2010-cu il noyabrın 9-dan fəaliyyətdədir. Burada müasir Azərbaycanın Dövlət Bayrağı ilə yanaşı, tarixən Azərbaycanın ərazisində mövcud olmuş xanlıqların, dövlətlərin bayraqları da nümayiş etdirilir.
1993-cü il dekabrın 6-da “Azərbaycan Respublikasının “Azərbaycan Bayrağı” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu imzalandı. Bu da dövlət bayrağımıza müqəddəs ehtiramın təzahürü oldu.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev deyirdi: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir”. Böyük tarixi şəxsiyyətin siyasi kursunu böyük sədaqətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bayrağımızı qürur mənbəyimiz adlandıraraq deyib: “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir.
Dövlət Bayrağı Muzeyində Vətən müharibəsinə həsr olunan “Zəfər qalereyası” adlı ekspozisiyada Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərdə Dövlət Bayrağını ucaltmasının, Xankəndidə tarixi Zəfərin üçüncü ildönümü ilə bağlı hərbi paradın fotoları var.
Dövlət Bayrağı Gününün təsis edilməsi, tarixi gün kimi ehtiramla qeyd olunması gənclərin vətəndaş kimi formalaşmasında, yüksək vətənpərvərlik duyğularının yaşadılmasında, bu duyğuların milli mentalitetin tərkib hissələrindən biri kimi qorunmasında olduqca gərəkli bir mərhələnin başlanğıcı oldu. Hər bir gənc bu başlanğıcdan başlayan işığı ömür yolunun işığı bilir; Dövlət Bayrağı Günü hər bir Azərbaycanlının ehtiram işığıdır...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı











































