
Energetika naziri Pərviz Şahbazov COP31 çərçivəsində “Vestas”, “ACWA Power” və NKT şirkətlərinin rəhbər şəxsləri ilə görüşlər keçirib.
Newscenter.az xəbər verir ki, “Vestas” şirkətinin qlobal marketinq, kommunikasiyalar və ictimaiyyətlə əlaqələr üzrə baş vitse-prezidenti Morten Dyrholm ilə görüşdə Azərbaycanda külək enerjisi layihələri və yaşıl enerji dəhlizləri üzrə əməkdaşlıq imkanları müzakirə edilib. Şirkətin quruda külək enerjisi layihələrində iştiraka marağı ifadə olunub. “Xəzər–Qara dəniz–Avropa” Yaşıl Enerji Dəhlizinin texniki-iqtisadi əsaslandırılmasının nəticələri, növbəti hazırlıq mərhələləri və investisiya imkanları diqqətə çatdırılıb. Dəhlizin regionun külək enerjisi potensialının Avropa bazarlarına çıxarılmasında rolu, təchizatçıların və enerji alıcılarının layihəyə cəlbi məsələləri nəzərdən keçirilib.
“ACWA Power” şirkətinin baş icraçı direktoru Dr. Samir J. Serhan ilə görüşdə mövcud əməkdaşlıq və yeni külək və günəş enerjisi layihələrinin həyata keçirilməsi imkanları müzakirə olunub. Ərazi seçimi və şəbəkəyə qoşulma məsələlərinə toxunulub. Əlavə bərpa olunan enerji güclərinin sistemə inteqrasiyası imkanlarının şəbəkə üzrə aparılan araşdırmanın nəticələri əsasında müəyyənləşdiriləcəyi bildirilib. Şirkətin Azərbaycanda ixracyönümlü elektrik stansiyalarının inkişafında iştirakı, yaşıl enerji dəhlizləri vasitəsilə Türkiyə və Avropa bazarlarına elektrik enerjisinin tədarükü imkanları dəyərləndirilib.
NKT şirkətinin baş vitse-prezidenti, qlobal maraqlı tərəflərlə əlaqələr üzrə rəhbəri Michael Suhr ilə görüşdə “Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizi üzrə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. Şirkətin beynəlxalq interkonnektor layihələrində təcrübəsi, sualtı və quru kabellərinin təchizatı imkanları barədə məlumat verilib. NKT nümayəndəsi şirkətin 2000 metrdən artıq dərinlikdə istifadə üçün sertifikatlaşdırılmış kabel texnologiyalarına malik olduğunu bildirib.
Süleyman












































