
"Müstəqil Azərbaycanın ana qanunu olan Konstitusiyamızın qəbulundan 31 il ötür. Baxmayaraq ki, ümumilikdə Konstitusiyanın 100 ildən artıq yaşı vardır, ancaq bu gün müstəqil Azərbaycan üçün əsas ana qanun Ulu Öndər Heydər Əliyevin birbaşa iştirakı ilə 1995-ci il, 12 noyabrda ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiyadır".
Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı deyib. O, uzaq tarixə nəzər salaraq qeyd edib ki, 1918-1920-ci illərdə cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməsə də, lakin ümumilikdə Cümhuriyyət Şərqin ilk demokratik respublikasının hüquqi bazasını formalaşdıra bilmişdi. Arzuman Muradlı diqqətə çatdırıb ki, Azərbaycanın konstitusiya quruluşunun tarixi SSRİ-nin tərkibində olduğu dövrə təsadüf olunur:
"Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. SSRİ-nin yaradılması ilə əlaqədar 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında Konstitusiyaya əlavə və dəyişikliklər qəbul olunub. 1927-ci il martın 26-da V Ümumazərbaycan Sovetlər Qurultayında Azərbaycan SSR-in növbəti Konstitusiyası təsdiq edilib. 1936-cı ildə SSRİ-nin yeni Konstitusiyasının qəbul edilməsi ilə əlaqədar 1937-ci il martın 14-də IX Ümumazərbaycan Sovetlər Qurultayının qərarı ilə Azərbaycan SSR-in yeni Konstitusiyası qüvvəyə minib.
1978-ci il aprelin 21-də Azərbaycan SSR-in sonuncu Konstitusiyası qəbul olunub.
1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edildikdən sonra Azərbaycan SSR-in yeni Konstitusiya layihəsi hazırlanıb. 1978-ci il aprelin 2-də həmin layihə ilə əlaqədar Azərbaycan SSR Ali Sovetində məruzə ilə çıxış edən Ümummilli Lider Heydər Əliyevin təklifi ilə 73-cü maddə aşağıdakı redaksiyada verilib: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”.
Həmin Konstitusiyaya 1980-ci illərin ikinci yarısından etibarən çoxsaylı əlavə və dəyişikliklər edilib".
Politoloq deyib ki, həmin dövrdə Konstitusiyaya ana dili ilə bağlı maddənin əlavə edilməsi kifayət qədər cəsarət tələb edirdi:
"Çünki keçmiş ittifaq rəhbərliyi bütün təsir imkanlarından istifadə edərək tərkibində olduğu xalqların öz dilini unutdurmağa çalışırdı. Ulu Öndər Heydər Əliyev isə bu streotipi qıra bildi".
Arzuman Muradlı diqqətə çatdırıb ki, 90-cı illərin əvvəllərində ölkədə mövcud olan xaos, anarxiya, vətəndaş müharibəsindən xilas olmaq üçün xalq təkidlə Heydər Əliyevi Bakıya, siyasi hakimiyyətə dəvət etdi:
"Ümummilli Lider Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra ilk növbədə ölkədə siyasi sabitliyi təmin etdi. Paralel olaraq digər istiqamətlərdə, dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində addımlar atmağa başladı. Bu sırada müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının hazırlanması və qəbul edilməsi başlıca prioritet idi. Məhz Ulu Öndəri rəhbərliyi ilə Konstitusiya komissiyası tərəfindən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiya layihəsi hazırlanmışdır.
1995-ci il noyabrın 12-də keçirilmiş referendumda seçicilərin 86 faizi iştirak etmiş və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs vermişdir. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minmişdir.
İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyətini nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyevin 1995-ci il 15 dekabr tarixli Fərmanına əsasən noyabrın 12-si Azərbaycan Respublikasının Konstitusiyası Günü elan edilmişdir. Ümummilli Lider Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Konstitusiyası Gününün ölkəmizdə təntənəli surətdə qeyd edilməsi tapşırılmışdır".
Arzuman Muradlı qeyd edib ki, müstəqil Azərbaycan Respublikasının Konstitusiyası hüquqi dövlətin bütün prinsipləri, insan hüquq və azadlıqlarının qorunmasını özündə təsbit edir
Süleyman












































