Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hüquqi dövlətçiliyin, milli suverenliyin təməli

Hüquqi dövlətçiliyin, milli suverenliyin təməli


Azərbaycan xalqının dövlətçilik tarixində mühüm yer tutan əlamətdar günlərdən biri də 12 Noyabr – Konstitusiya Günüdür. Bu tarix müstəqil Azərbaycanın hüquqi dövlət quruculuğu yolunda atdığı ən mühüm addımlardan birini, milli dövlətçiliyimizin hüquqi əsaslarının formalaşmasını və demokratik inkişaf prinsiplərinin təsbit olunmasını təcəssüm etdirir.

1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edilmişdir. Bu mühüm tarixi hadisə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin ən əhəmiyyətli nəticələrindən biri olmuşdur.

Konstitusiyanın qəbulu mütəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ulu Öndərin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biridir. Təsadüfi deyildir ki, şəxsiyyətin toxunulmazlığı, insanların həyat və sağlamlıqlarının qorunması, layiqli həyat səviyyəsinin təmin edilməsi, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil edir.

Ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, dövlət idarəçiliyinin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunması, demokratik cəmiyyətin formalaşdırılması baxımından Konstitusiyanın qəbulu yeni mərhələnin başlanğıcını qoymuşdur.

Müstəqilliyinin ilk illərində mürəkkəb siyasi, iqtisadi və hərbi proseslərlə üzləşən Azərbaycan üçün vahid və möhkəm hüquqi əsasların yaradılması həyati əhəmiyyət daşıyırdı. Belə bir şəraitdə qəbul edilən Konstitusiya dövlətin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirməklə yanaşı, cəmiyyətdə sabitliyin, qanunçuluğun və dövlət idarəçiliyinin möhkəmləndirilməsinə xidmət etdi. Bu sənəd Azərbaycanın müstəqil dövlət kimi dünyada öz yerini müəyyənləşdirməsində də mühüm rol oynadı.

Konstitusiyamızın əsasını təşkil edən mühüm prinsiplərdən biri insan və vətəndaş hüquq və azadlıqlarının ali dəyər kimi tanınmasıdır. Sənəddə hər kəsin qanun qarşısında bərabərliyi, fikir və söz azadlığı, mülkiyyət hüququ, təhsil, əmək və sosial təminat hüquqları öz əksini tapmışdır. Eyni zamanda, dövlət hakimiyyətinin qanunvericilik, icra və məhkəmə hakimiyyətinə bölünməsi prinsipi müəyyən edilmiş, dövlət idarəçiliyinin hüquqi çərçivəsi formalaşdırılmışdır. Bütün bunlar demokratik cəmiyyətin inkişafı və hüquqi dövlət quruculuğu baxımından fundamental əhəmiyyət daşıyır.

Konstitusiyanın mühüm xüsusiyyətlərindən biri də Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasını ali məqsədlərdən biri kimi müəyyən etməsidir. Burada dövlət dili, milli-mənəvi dəyərlər, vətəndaşlıq, dövlət hakimiyyətinin mənbəyi və xalqın suverenlik hüququ kimi fundamental məsələlər öz əksini tapmışdır. Bu müddəalar Azərbaycan xalqının dövlətçilik iradəsinin və milli kimliyinin hüquqi ifadəsidir.

Müstəqillik illərində ölkəmizdə baş verən ictimai-siyasi və iqtisadi dəyişikliklər Konstitusiyaya da müəyyən əlavə və dəyişikliklərin edilməsini zəruri etmişdir. 2002, 2009 və 2016-cı illərdə keçirilən ümumxalq referendumları nəticəsində Əsas Qanuna müvafiq dəyişikliklər edilmiş, dövlət idarəçiliyinin və hüquq sisteminin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Bu dəyişikliklər ölkənin inkişafının yeni mərhələsinin tələblərinə uyğun hüquqi mexanizmlərin formalaşdırılmasına xidmət etmişdir.

Bu gün Azərbaycan Respublikasının Konstitusiyası dövlət müstəqilliyimizin, suverenliyimizin, milli birliyimizin və hüquqi dövlətçilik ənənələrimizin əsas təminatlarından biridir. Xüsusilə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması Konstitusiyada təsbit edilmiş dövlətçilik prinsiplərinin əhəmiyyətini daha da artırır. Qarşıda duran əsas vəzifələrdən biri bu ali hüquqi sənədin tələblərinə dönmədən əməl etmək, qanunun aliliyini təmin etmək, vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsini gücləndirmək və hüquqi maarifləndirməni cəmiyyətin bütün təbəqələri arasında genişləndirməkdir.

Unutmamalıyıq ki, Konstitusiyanın gücü yalnız onun müddəalarında deyil, həmin müddəaların gündəlik həyatda necə həyata keçirilməsindədir. Hər bir vətəndaşın qanunlara hörmətlə yanaşması, öz hüquq və vəzifələrini bilməsi, cəmiyyət qarşısında məsuliyyətini dərk etməsi hüquqi dövlətin möhkəmlənməsinə mühüm töhfə verir. Bu baxımdan Konstitusiya Günü həm də hüquqi düşüncənin, vətəndaş məsuliyyətinin və dövlətçilik şüurunun yüksəldilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

12 Noyabr – Konstitusiya Günü hər birimizə xatırladır ki, güclü dövlət yalnız iqtisadi və siyasi qüdrəti ilə deyil, həm də möhkəm hüquqi əsasları, vətəndaşlarının hüquqlarına hörmət və qanunun aliliyinə sadiqliyi ilə seçilir. Konstitusiyaya hörmət dövlətə, milli dəyərlərə və gələcəyimizə hörmət deməkdir.

Bu əlamətdar gün münasibətilə xalqımızı təbrik edir, müstəqil Azərbaycanımıza davamlı inkişaf, əmin-amanlıq və tərəqqi arzulayıram!

Əminə Ağazadə

Milli Məclisin deputatı
Xəbəri paylaş