
Göyçay rayon Heydər Əliyev Mərkəzində “Ailə mübahisələrinin həllində mediasiyanın rolu və əhəmiyyəti” mövzusunda maarifləndirici dəyirmi masa keçirilib.
Newscenter.az xəbər verir ki, tədbir Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamından irəli gələn vəzifələr, xüsusilə ailədaxili mübahisələrin həllində mediasiya xidmətlərinin tətbiqinin genişləndirilməsi istiqamətində nəzərdə tutulan tədbirlər çərçivəsində Göyçay Rayon İcra Hakimiyyətinin və Göyçay rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə təşkil olunub.
Dəyirmi masada Göyçay 2 saylı mediasiya təşkilatının direktoru Akif Kərimov çıxış edərək ailə mübahisələrinin həllində mediasiyanın rolu və əhəmiyyətindən bəhs edib. O, mediasiyanın mübahisələrin məhkəməyə müraciət edilmədən, tərəflərin qarşılıqlı anlaşması və könüllü razılığı əsasında tənzimlənməsinə imkan yaratdığını vurğulayıb. Həmçinin ailə münasibətlərinin qorunması, tərəflər arasında dialoqun və qarşılıqlı etimadın formalaşdırılması baxımından mediasiyanın üstünlükləri barədə ətraflı məlumat verib.
Daha sonra mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb və fikir mübadiləsi həyata keçirilib.
Qeyd edək ki, bu kimi maarifləndirici tədbirlərin keçirilməsi ailə mübahisələrinin alternativ həlli üsulu kimi mediasiyanın təşviqi, əhalinin mediasiya xidmətləri barədə məlumatlılığının artırılması və mediasiya institutunun cəmiyyətdə rolunun gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Süleyman












































