
İrəvandakı Göy Məscidin mərasim zalına erməni şairi Yeqişe Çarentsin adının verilməsini və üstəlik də, İranın Ermənistandakı səfirliyinin həmin zalda Çarentsin büstünün də yerləşdiriləcəyini açıqlamasını ikiqat təxribat kimi dəyərləndirmək olar. Söhbət fars-erməni birgə təxribatından gedir. Sözügedən mərasim zalında Y.Çarentsin ad lövhəsini İranın vitse-prezidenti Həmid Purməhəmmədinin açması da bu addımın öncədən razılaşdırılmış təxribat olduğunu göstərir.
Burada bir neçə məqsəd güdülür. İlk növbədə isə həm ermənilərin, həm də fars-molla rejiminin məqsədi Göy Məscidin tarixi mənsubiyyətinin saxtalaşdırılması, bu məscidin üzərindən azərbaycanlı kimliyinin tamamilə silinməsidir. Bu məsələdə hər iki tərəfin - İrəvanın da, Tehranın da maraqları üst-üstə düşür.
Göy Məscidin orijinal memarlıq xüsusiyyətlərinin rəsmi İrəvanın razılığı ilə "restavrasiya" adı altında qəsdən farslaşdırılması və hazırda Ermənistan tur-bələdçilərinin abidəni xarici qonaqlara “fars məscidi” kimi təqdim etməsi onun Azərbaycan irsinə mənsubluğunu ört-basdır etməyə xidmət edir.
Eyni zamanda, bu yanaşma yalnız tarixi həqiqətlərin təhrif edilməsi deyil, həm də bölgənin çoxqatlı mədəni irsinin siyasi məqsədlər naminə yenidən yozulması cəhdidir. Tarixi abidələrin kimə məxsusluğu məsələsi müasir siyasi maraqlara uyğun şəkildə dəyişdirilə bilməz. Memarlıq üslubu, kitabələr, arxiv sənədləri, səyyah qeydləri və şəhərin tarixi-mədəni inkişafı birlikdə araşdırılmalı, nəticələr isə elmi prinsiplər əsasında təqdim edilməlidir.
Göy Məscid Azərbaycan xalqının İrəvan şəhərindəki tarixi-mədəni varlığını xatırladan mühüm abidələrdən biri kimi yaddaşımızda yaşayır. Onun tarixi kimliyinin təhrif edilməsinə, Azərbaycan irsi ilə bağlılığının gizlədilməsinə və abidənin siyasi məqsədlər üçün istifadəsinə etiraz etmək təkcə milli məsələ deyil, həm də mədəni irsin universallığı və tarixi ədalət məsələsidir. Tarix dəyişdirilə, adlar dəyişdirilə və təqdimatlar yenidən qurula bilər, lakin arxivlər, memarlıq izləri və kollektiv yaddaş uzun müddət susdurula bilməz.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri












































