
"Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq aləmdə öz mövqeyini möhkəmləndirmək, xarici ölkələrlə əlaqələrini inkişaf etdirmək istiqamətində ardıcıl siyasət həyata keçirmişdir. Bu çərçivədə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə münasibətlər də Azərbaycanın xarici siyasətində mühüm yer tutmuşdur. Zaman keçdikcə qarşılıqlı siyasi dialoq daha da möhkəmlənmiş, iqtisadiyyat, enerji, təhlükəsizlik və digər istiqamətlərdə birgə fəaliyyət genişlənərək iki dövlət arasında strateji əhəmiyyətli tərəfdaşlığın formalaşmasına zəmin yaratmışdır".
Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Fariz İmamverdiyev deyib. O bildirib ki, bu əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində mühüm addım 2026-cı il noyabrın 12-də atılmışdır:
"Belə ki, Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem tərəfindən “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” imzalanmışdır. Bu sənəd iki ölkə arasındakı münasibətlərin yeni mərhələyə yüksəldilməsi, mövcud əməkdaşlığın daha da genişləndirilməsi və gələcək tərəfdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir".
Hakim partiya təmsilçisi qeyd edib ki, imzalanmış Birgə Bəyannamədə iki ölkə arasında bir sıra mühüm istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı razılıqlar əldə olunmuşdur:
"Öncə, müdafiə və təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsi, regional sülh və sabitliyin qorunması, eləcə də mövcud və potensial təhdidlərə qarşı birgə mübarizə imkanlarının artırılması nəzərdə tutulur. Bununla yanaşı, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və davamlı iqtisadi artımın təşviqi əsas əməkdaşlıq istiqamətləri kimi müəyyənləşdirilmişdir. Təhsil, elm, tədqiqat və innovasiya sahələrinə də xüsusi diqqət ayrılaraq bu istiqamətlərdə təcrübə mübadiləsinin və birgə təşəbbüslərin inkişaf etdirilməsinin vacibliyi vurğulanmışdır. Bütün bu razılaşmalar Azərbaycan ilə Böyük Britaniya arasında tərəfdaşlığın daha geniş sahələri əhatə etməsinə və gələcək əməkdaşlığın möhkəm əsaslar üzərində qurulmasına xidmət edir".
Anar











































