
Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas çağırışlardan biri maliyyə resurslarına çıxış və maliyyələşmədir.
Newscenter.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında - "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Uzunmüddətli maliyyə resurslarına çıxış imkanları və maliyyələşmənin dəyəridir. Kapital tutumlu sənaye layihələri 10 il və daha uzun müddətə maliyyələşmə tələb edir. Bu məqsədlə aidiyyəti qurumlar uzunmüddətli maliyyələşmə mexanizmlərinin yaradılması, milli valyutada uzunmüddətli yığımların təşviqi və nağdsız dövriyyənin genişləndirilməsi istiqamətində iş aparır. Bu il vençur və kraudfandinq maliyyələşdirmə mexanizmləri üzrə qanunvericilik çərçivəsi formalaşdırılıb. Eyni zamanda, kapital və kriptoaktivlər bazarları üzrə də yeni tənzimləyici çərçivənin yaradılması istiqamətində tədbirlər görülür", - deyə o qeyd edib.
Nazir digər çağırışın suveren resursların gəlirliliyinin artırılması olduğunu deyib: "Strateji valyuta ehtiyatlarımız xarici dövlət borcumuzu üstələyir və bu, ölkənin mühüm üstünlüyüdür. Ehtiyatların gəlirliliyinin artırılması və onların bir hissəsinin ölkə iqtisadiyyatının uzunmüddətli maliyyələşməsinə səmərəli şəkildə cəlb edilməsi də mühüm vəzifələrdəndir".
"Daha bir çağırış bBüdcə xərclərinin, o cümlədən əsaslı xərclərin vaxtında və səmərəli icrasıdır. Fiskal optimallaşdırma şəraitində büdcədən ayrılan hər manatın vaxtında və maksimum səmərə ilə istifadəsi xüsusi əhəmiyyət kəsb edir. Layihələrin icra müddətlərinə ciddi riayət edilməsi və icra intizamının gücləndirilməsi qarşımızda duran əsas vəzifələrdəndir. Həmçinin özəl sektorun investisiya qoyuluşları üçün daha əlverişli şəraitin yaradılmalıdır. Dövlətin investor rolundan tərəfdaş roluna keçid şəraitində özəl kapital üçün imkanların genişləndirilməsi mühüm şərtdir. Bu istiqamətdə mövcud investisiya təşviqi mexanizmi ilə yanaşı, sahələr və klasterlər üzrə yeni və ünvanlı vergi təşviq ləri davam etdirilir. Buna misal olaraq, bu yaxınlarda qəbul olunmuş innovasiya, startap və texnologiya parkları üzrə 20 ilə qədər müddəti əhatə edən vergi güzəştləri paketini qeyd edə bilərik", - deyə M.Cabbarov əlavə edib.











































