
“Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi siyasi dialoqun daha da intensivləşməsinə imkan verir. Dərin tarixi keçmişə malik olan London-Bakı əlaqələri Birgə Bəyannamədən sonra daha da dərinləşəcək və dinamik xarakter alacaq”.
Bunları Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısında “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə"ni şərh edərkən deyib. Millət vəkili bildirib ki, Bəyannamədə BMT Nizamnaməsinə, beynəlxalq hüququn prinsiplərinə, dövlətlərin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmətlə bağlı müddəaların təsdiqlənməsi Azərbaycanın xarici siyasət prioritetləri ilə uzlaşır:
“Sənəddə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, regionda davamlı sülhün əldə olunması istiqamətində ikitərəfli dialoqun əhəmiyyəti də qeyd edilir. Bu, Azərbaycanın regional sülh və əməkdaşlıq təşəbbüslərinin beynəlxalq səviyyədə dəstəklənməsi baxımından əhəmiyyətli siyasi mesajdır”.
Deputat qeyd edib ki, Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin əsas üstünlüklərindən biri əməkdaşlığın davamlı mexanizmlərinin müəyyənləşdirilməsidir6
“Sənəddə strateji tərəfdaşlıq üzrə illik görüşlərin keçirilməsi, əldə olunan nəticələrin qiymətləndirilməsi, gələcək prioritetlərin müəyyənləşdirilməsi və praktiki tədbirlərin razılaşdırılması nəzərdə tutulur. Bu mexanizm sənədin yalnız siyasi bəyanat səviyyəsində qalmaması, konkret layihələr və nəticələr vasitəsilə həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Ümumiyyətlə, Azərbaycan ilə Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyinin güclənməsinin, iqtisadi diplomatiyasının inkişafının və çoxşaxəli xarici siyasətinin mühüm nəticələrindən biridir. Sənəd iki ölkə arasında enerji, iqtisadiyyat, investisiya, müdafiə, təhlükəsizlik, təhsil, elm, innovasiya və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır.
Ən mühüm məqam isə ondan ibarətdir ki, bu tərəfdaşlıq Azərbaycanın milli maraqlarına, iqtisadi inkişaf strategiyasına və beynəlxalq əməkdaşlıq prioritetlərinə uyğun şəkildə formalaşır”.
İlham Məmmədov deyib ki, Böyük Britaniya ilə strateji tərəfdaşlığın inkişafı Azərbaycanın Avropa ilə əlaqələrinin genişləndirilməsinə, beynəlxalq investisiya imkanlarının artırılmasına, regional tranzit potensialının gücləndirilməsinə və yeni texnologiyaların ölkəmizə cəlb edilməsinə mühüm töhfə verə bilər:
“Birgə Bəyannamə Azərbaycan–Böyük Britaniya münasibətlərində yeni səhifə açmaqla yanaşı, qarşılıqlı maraqlara əsaslanan uzunmüddətli və praktik əməkdaşlığın inkişafı üçün mühüm siyasi və institusional zəmin formalaşdırır”.
Süleyman











































