
Dünyanın əksər dövlətləri Azərbaycanın xarici siyasətini dəstəkləyir, bəşəri bir dövlət olduğu üçün Azərbaycanla əlaqələri müxtəlif istiqamətlərdə genişləndirirlər. Bu əlaqələr qarşılıqlı etimad, qarşılıqlı inam əsasında daha da möhkəmlənməkdədir.
Azərbaycanla Şimali İrlandiya arasında ikitərəfli münasibətlər Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan az sonra yaranmağa, şaxələnməyə, möhkəmlənməyə başlayıb. Bu iki dövlət arasında 1994-cü il fevralın 23-də Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdı. Bu Bəyannamə sonrakı münasibətlərin siyasi üfüqlərinin genişlənməsinin zəmanəti olmuşdu. 1998-ci il iyulun 21-də imzalanan Dostluq Münasibətləri və Tərəfadşlıq haqqında Birgə Bəyannamə də bunun nəticəsidir.
Noyabrın 12-də Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri cənab Endi Börnhem tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” də bu sənədlərə əsaslanır. Bu Bəyannamə Azərbaycanın da, Böyük Britaniya və Şimali İrlandiyanın da Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, beynəlxalq hüququn prinsiplərinə, normalarına, başlıca olaraq beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına, suverenliyə, müstəqilliyə və ərazi bütövlüyünə hörmətlə bağlı prinsiplərə sadiq qalacağının sənədidir.
2025-ci il 8 avqust tarixli Vaşinqton Sülh Zirvəsi Bəyannaməsinin əhəmiyyəti qeyd edilən bu Bəyannamədə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində həyata keçirilən sonrakı sülh təşəbbüsləri də qeyd olunur, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ikitərəfli dialoq yolu ilə regionda davamlı sülhə nail olmaq məqsədi daşıyan iki ölkənin səylərinə davamlı dəstəyi bir daha təsdiqlənir, hər iki tərəfin davamlı tərəfdaşlığın etimad, səmimilik və güclü insanlararası əlaqələr üzərində qurulduğunu tanıdığı bildirilir.
Belə qarşılıqlı münasibətlər, belə münasibətlərə əsaslanan və siyasi sənəd olmaq etibarilə imzalanan Bəyannamələr dövlətlərarası münasibətlər sistemində həmişə mühüm əhəmiyyətə malik olur. Bu baxımdan birgə Bəyannamələr birgə fəaliyyət istiqamətləri müəyyənləşdirir. Son dövrün ən həssas siyasi hadisələri, etiraf edilməlidir ki, qarşılıqlı etimadsızlıqla başlayan, bunun nəticəsi kimi silahla davam etdirilən münasibətlərə səbəb olan hadisələrdir. Bu səbəbdən dövlətlərarası münasibətlər qarşılıqlı müdafiə və təhlükəsizlik sahəsində də əməkdaşlıq şərtlərini diktə edir. Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə də bu baxımdan diqqəti çəkir.
Bəyannamədə bildirilir ki, iştirakçılar regional sülh və sabitliyi dəstəkləmək üçün müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi və ümumi təhdidləri yayındırmaq, qarşısını almaq və onlara cavab vermək qabiliyyətlərini artırmaq üçün uzunmüddətli öhdəlikləri ortaq qəbul edir. Bəyannamədə, həmçinin, yüksək səviyyəli qarşılıqlı fəaliyyətin davamlı impulsuna sadiq qalınacağı, qarşılıqlı maraq doğuran ikitərəfli, regional və beynəlxalq məsələlər üzrə koordinasiyanın dərinləşdiriləcəyi də öz əksini tapıb.
Çoxşaxəli bu sənəddə iştirakçıların təlim potensialını artıracağı, qarşılıqlı fəaliyyətə yönəlmiş müdafiə əməkdaşlığının inkişaf etdiriləcəyi, qarşılıqlı maraq doğuracaq sahələrdə birgə təşəbbüslər də daxil olmaqla, müdafiə sənayesi əməkdaşlığını gücləndirmək imkanlarını araşdıracağı da nəzərdə tutulur...
Ticarət, investisiya və artım sahəsində də əlaqələrin genişlənəcəyi bildirilən birgə Bəyannamə mahiyyəti baxımından sosial həyatın əksər sahələrini əhatə edir. Belə ki, bu mühüm sənəddə bildirilir ki, bacarıqların inkişafına, şəffaflıq və inklüziv artıma diqqət yetiriləcək, süni intellekt, rəqəmsal idarəetmə və innovasiya mühiti üzrə təcrübə mübadiləsi vasitəsilə də rəqəmsallaşdırma, inkişafda olan texnologiyalar və həyat elmləri sahələrində əməkdaşlıq edən universitetlər, tədqiqat institutları və sənayeləri arasında tərəfdaşlıq da daxil olmaqla, tədqiqat, innovasiya və texnoloji əməkdaşlıq inkişaf ertdiriləcəkdir.
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə dünya üçün sülh niyyətini ifadə edən sənəd kimi tarixləşdi...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı











































