
Başa çatmaqda olan həftənin uğurlu nəticələrini Azərbaycan diplomatiyasının triumfu hesab etmək olar. Prezident İlham Əliyev COP31 forumunu və Avropa Siyasi Birliyinin (EPS) 9-cu Zirvə Toplantısını milli maraqlarımız üçün uğurlu razılaşmalar məkanına çevirməyi bacardı. Dublin şəhərində Prezident İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə birgə Strateji Tərəfdaşlıq Xartiyasını imzalaması isə həm iki ölkə arasındakı münasibətlərin yeni mərhələsinin başlanğıcı, həm də diplomatiyamızın böyük uğurudur.
Bu sənəd Bakı və London arasında yalnız siyasi niyyətlərin ifadəsi deyil, həm də qarşılıqlı etimadın, iqtisadi əməkdaşlığın və təhlükəsizlik sahəsində dialoqun daha yüksək səviyyəyə qaldırılması baxımından mühüm əhəmiyyət daşıyır. Xartiyanın imzalanması Azərbaycan diplomatiyasının ikitərəfli münasibətləri konkret nəticələrə və uzunmüddətli tərəfdaşlıq mexanizmlərinə çevirmək bacarığını bir daha nümayiş etdirdi.
Prezident İlham Əliyevin COP31 forumu və EPS çərçivəsində keçirdiyi görüşlər zamanı enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, rəqəmsal transformasiya, investisiya əməkdaşlığı və regional sabitlik məsələləri xüsusi diqqət mərkəzində olub. Azərbaycanın Avropa üçün etibarlı enerji və logistika tərəfdaşı kimi mövqeyinin möhkəmlənməsi ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunun göstəricisidir.
COP31 çərçivəsində aparılan müzakirələr isə Azərbaycanın qlobal iqlim gündəliyinə fəal töhfə vermək əzmini ortaya qoydu. Ölkəmiz yaşıl enerjiyə keçid, bərpa olunan enerji mənbələrinin inkişafı və iqlim dəyişmələrinin fəsadlarının azaldılması istiqamətində həyata keçirdiyi layihələrlə beynəlxalq tərəfdaşlar üçün mühüm əməkdaşlıq imkanları yaradır. Bu prosesdə Azərbaycanın yalnız iştirakçı deyil, həm də təşəbbüskar ölkə kimi çıxış etməsi xüsusi əhəmiyyət daşıyır.
Avropa Siyasi Birliyinin Zirvə Toplantısı da Azərbaycanın regional və qlobal məsələlərdə söz sahibi olan dövlətə çevrildiyini göstərdi. Toplantı çərçivəsində aparılan ikitərəfli və çoxtərəfli görüşlər ölkəmizin sülh, təhlükəsizlik və əməkdaşlıq gündəliyinə verdiyi töhfələri daha aydın şəkildə nümayiş etdirdi. Azərbaycan həm regionda davamlı sülhün təmin olunmasında, həm də Avropa ilə Asiya arasında yeni əlaqələrin qurulmasında mühüm rol oynayır.
Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan diplomatiyası təsadüfi uğurlar üzərində deyil, düşünülmüş və ardıcıl strategiya əsasında inkişaf edir. Prezident İlham Əliyevin çevik diplomatik fəaliyyəti nəticəsində ölkəmizin milli maraqları beynəlxalq platformalarda daha qətiyyətlə müdafiə olunur, Azərbaycanın mövqeyi ilə hesablaşan tərəfdaşların sayı artır.
Başa çatmaqda olan həftə bir daha göstərdi ki, bu gün Azərbaycan dövləti xarici siyasətdə təşəbbüsləri izləyən deyil, onları formalaşdıran ölkələr sırasındadır. İmzalanan sənədlər, əldə olunan razılaşmalar və keçirilən görüşlər qarşıdakı dövrdə yeni iqtisadi, siyasi və strateji imkanların yaranacağına inamı daha da gücləndirir. Bu baxımdan, həftənin yekunlarını Azərbaycan diplomatiyasının mühüm nailiyyətlərindən biri kimi qiymətləndirmək mümkündür.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri












































