Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan-Böyük Britaniya əlaqələri yeni mərhələyə keçir

Azərbaycan-Böyük Britaniya əlaqələri yeni mərhələyə keçir



Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasını iki ölkə münasibətlərində yeni siyasi, iqtisadi və müdafiə əməkdaşlığı mərhələsinin başlanğıcıdır. Növbəti mərhələdə Azərbaycan və Böyük Britaniya arasında strateji müttəfiqlik haqqında daha geniş siyasi sənədin və ya bəyannamənin imzalanması da gündəmə gələ bilər. Çünki hazırda regionda yeni siyasi və geosiyasi nizam formalaşır.
Böyük Britaniya Cənubi Qafqaz və Mərkəzi Asiyada yeni geostrateji siyasət həyata keçirməyə çalışır. Azərbaycan isə uzun illərdir ki, Böyük Britaniya ilə siyasi, iqtisadi, enerji təhlükəsizliyi və digər sahələrdə sıx əməkdaşlıq edir. Görünən odur ki, London artıq bu münasibətləri daha yüksək səviyyəyə qaldırmaq və Azərbaycanla strateji əməkdaşlığı dərinləşdirmək kursunu seçib.
İki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması Ermənistanla Azərbaycan arasında sülh prosesinə də müsbət töhfə verə bilər. Eyni zamanda, Azərbaycanın iştirak etdiyi regional nəqliyyat, enerji və kommunikasiya layihələrinin daha sürətli reallaşmasına əlavə siyasi dəstək yarada bilər. Azərbaycan artıq Avropanın və dünyanın aparıcı güclərindən biri olan Böyük Britaniya ilə münasibətlərini yeni strateji mərhələyə keçirir.
Azərbaycan Böyük Britaniyadan sonra Almaniya ilə də analoji strateji sənədin imzalanması istiqamətində addımlar atmalıdır. Almaniya da Cənubi Qafqaz və Mərkəzi Asiyaya münasibətdə fəal siyasət yürüdür. Bu baxımdan, Azərbaycan Berlinlə siyasi və iqtisadi əlaqələri dərinləşdirməklə yanaşı, hərbi-texniki əməkdaşlığın genişləndirilməsinə də çalışmalıdır.
Ümumilikdə, Azərbaycan Qərb ölkələri ilə münasibətlərini strateji tərəfdaşlıqdan daha yüksək siyasi və müttəfiqlik səviyyəsinə qaldırmaq istiqamətində fəaliyyətini gücləndirməlidir. Xüsusilə Böyük Britaniya ilə əlaqələrin bu istiqamətdə inkişafı Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə, regional təhlükəsizlik arxitekturasında rolunun artmasına xidmət edə bilər.
Eyni zamanda, Qərbin aparıcı dövlətləri ilə strateji münasibətlərin dərinləşdirilməsi Azərbaycana qarşı beynəlxalq və regional müstəvidə formalaşan təzyiqlərin neytrallaşdırılması baxımından da mühüm əhəmiyyət daşıyır. Xüsusilə Rusiya və İrandan qaynaqlanan siyasi və geosiyasi təzyiqlər fonunda Azərbaycanın Qərblə əlaqələrini gücləndirməsi onun xarici siyasət manevr imkanlarını genişləndirə və milli maraqlarının daha effektiv müdafiəsinə şərait yarada bilər.
Məhəmməd Əsədullazadə
Milli Cəbhə partiyasının başqanın müavini
Xəbəri paylaş