
"Prezident İlham Əliyevin noyabrın 12-də İrlandiyanın Dublin şəhərində keçirilən “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşünün nəticələri onu göstərir ki, sülh prosesində müsbət dinamika qorunub saxlanılır, regionda sülhün, sabitliyin və rifahın möhkəmləndirilməsinə yönəlmiş dialoq rəsmi Bakının cızdığı yol xəritəsinə uyğun olaraq davam etdirilir.
Bu görüş bir daha təsdiq edir ki, Azərbaycan regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. Tərəflər arasında aparılan müzakirələr zamanı dövlətlərarası münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası və regionda qarşılıqlı etimad mühitinin formalaşdırılması məsələləri əsas diqqət mərkəzində olub".
Newscenter.az xəbər verir ki, bunları Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib. O bildirib ki, Azərbaycan tərəfi sülh gündəliyinə sadiqliyini nümayiş etdirməklə yanaşı, prosesin beynəlxalq hüququn prinsipləri, suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı əsasında aparılmasının vacibliyini dəfələrlə vurğulayıb:
"Bu yanaşma regionda uzunmüddətli sabitliyin təmin olunması, kommunikasiyaların açılması və iqtisadi əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün mühüm zəmin yaradır.
Dublin görüşü göstərdi ki, Bakı və İrəvan arasında birbaşa dialoqun davam etdirilməsi sülh prosesinin irəliləməsi baxımından mühüm əhəmiyyət daşıyır. Tərəflər arasında konstruktiv təmasların qorunub saxlanılması mümkün fikir ayrılıqlarının siyasi və diplomatik yollarla həllinə, qarşılıqlı etimadın möhkəmləndirilməsinə və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə xidmət edir".
Komitə sədri qeyd edib ki, hazırda əsas məqsəd əldə olunmuş müsbət dinamikanı qorumaq, danışıqlar prosesini praktiki nəticələrlə zənginləşdirmək və bölgədə sülhün dönməz xarakter almasına nail olmaqdır:
"Bu baxımdan, Azərbaycan Prezidentinin həyata keçirdiyi diplomatik fəaliyyət yalnız ölkəmizin milli maraqlarına deyil, bütövlükdə Cənubi Qafqazda sülh, təhlükəsizlik və rifahın təmin olunmasına yönəlib.
Görüşün nəticələri onu deməyə əsas verir ki, regionda yeni siyasi reallıqlar formalaşır. Bu reallıqlar qarşılıqlı hörmətə, əməkdaşlığa və mehriban qonşuluq prinsiplərinə əsaslanan münasibətlərin qurulmasını zəruri edir. Azərbaycanın təşəbbüsləri və prinsipial mövqeyi isə regionun gələcək inkişafında mühüm rol oynamaqda davam edir".
Süleyman












































