Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Konstitusiyaya gedən yol mürəkkəb tarixi proseslərdən keçib

Konstitusiyaya gedən yol mürəkkəb tarixi proseslərdən keçib


Azərbaycan Respublikasının Konstitusiyası müstəqilliyimizin, suverenliyimizin, demokratik dövlət quruculuğunun və insan hüquqlarının etibarlı təminatının əsasını təşkil edir. Hər il noyabrın 12-də qeyd olunan Konstitusiya Günü xalqımızın dövlətçilik tarixində mühüm mərhələni, hüquqi dövlət quruculuğu yolunda əldə edilmiş nailiyyətləri və milli iradənin təntənəsini ifadə edir.

Azərbaycanın müasir konstitusiya tarixində ən mühüm hadisə 1995-ci il noyabrın 12-də müstəqil dövlətimizin ilk Konstitusiyasının referendum yolu ilə qəbul edilməsi olmuşdur. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış bu fundamental sənəd Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişafının möhkəm hüquqi əsaslarını müəyyənləşdirdi. Konstitusiyanın qəbul edilməsi dövlət idarəçiliyinin təkmilləşdirilməsi, hakimiyyət bölgüsü prinsipinin təsbiti, qanunun aliliyinin təmin olunması və insan hüquq və azadlıqlarının qorunması istiqamətində yeni mərhələnin başlanğıcı oldu.

Konstitusiyaya gedən yol mürəkkəb tarixi proseslərdən keçmişdir. Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu 23 ay ərzində Əsas Qanun qəbul edə bilməsə də, milli dövlətçilik ideyalarının təməlini qoymuşdu. Sonrakı dövrdə isə müstəqil Azərbaycanın yeni Konstitusiyasının hazırlanması zərurəti yaranmışdı. 1991–1993-cü illərin siyasi böhranı və qeyri-sabitlik şəraitində bu vəzifənin həyata keçirilməsi mümkün olmadı. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə ictimai-siyasi sabitlik bərpa edildi, dövlət quruculuğu prosesinə yeni təkan verildi. Məhz bu siyasi və hüquqi zəmin üzərində müstəqil Azərbaycanın Konstitusiyası hazırlandı.

Əsas Qanunumuzun mühüm üstünlüklərindən biri insan və vətəndaş hüquq və azadlıqlarına geniş təminatlar verməsidir. İrqindən, dilindən, dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq bərabərliyi, mülkiyyət hüququ, söz və fikir azadlığı, təhsil və əmək hüquqları konstitusion prinsiplərlə qorunur. Sonrakı illərdə referendumlar vasitəsilə Konstitusiyaya edilmiş dəyişikliklər dövlət idarəçiliyinin təkmilləşdirilməsinə, hüquqi təminatların genişləndirilməsinə və yeni ictimai-siyasi reallıqlara uyğunlaşmaya xidmət etmişdir.

Azərbaycan dövlətçiliyinin inkişafında Konstitusiyanın əhəmiyyəti ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə daha da aktuallaşmışdır. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatı nəticəsində Azərbaycanın suverenliyi bütün ərazilərində təmin edilmişdir. Bununla da Konstitusiyanın hüquqi qüvvəsinin ölkənin bütün ərazisində bərqərar olması üçün tarixi şərait yaranmışdır. Təsadüfi deyil ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi bu iki mühüm dəyərin ayrılmazlığını və dövlətçilik tariximizdəki əhəmiyyətini bir daha vurğulamışdır.

Bu gün Konstitusiyamız yalnız hüquqi sənəd deyil, həm də milli birliyimizin, dövlət müstəqilliyimizin və gələcək inkişaf strategiyamızın əsas dayağıdır. Onun müddəalarına hörmətlə yanaşmaq, qanunun aliliyini qorumaq və vətəndaş məsuliyyətini dərk etmək hər birimizin borcudur. Güclü dövlətin, ədalətli cəmiyyətin və davamlı inkişafın təmin olunması Konstitusiyanın prinsiplərinin gündəlik həyatda ardıcıl tətbiqindən keçir. Azərbaycanın gələcək uğurları da məhz bu möhkəm hüquqi təməl üzərində qurulacaqdır.

Yusif Bağırzadə, politoloq
Xəbəri paylaş