
Tarix çətinliklərdən qorxmayanların, Zəfər milli iradəsinə sahib çıxanların əsəridir: Liderlik müdrikliyi, dövlətçilik əzmi və Azərbaycanın gələcəyini müəyyən edən böyük tarixi missiya.
Qaliblər ona görə qalib olur ki, çətin vəziyyətləri gözləmirlər. Çətin vəziyyətləri gözləyib, nə olacaqsa olsun deyə fikirləşənlər qalib ola bilməz. Bu mümkün deyil. Amma şüurlu şəkildə çətin vəziyyətləri görərək onların üstünə gedənlər, onlara qarşı irəliləyənlər qalib gəlir. Bunun üçün əslində liderlik keyfiyyətlərinə malik olmaq lazımdır: qətiyyət, cəsarət, müdriklik, diplomatik keyfiyyətlər. Və o insanlar tək işlədiyi sahəni düşünmürlər, o cümlədən həyatın bütün sahələrini düşünürlər. Onlara qarşı gələnlərin, qarayaxma aparanların hamısına layiqli cavabları susqunluqla, nəticələri ilə cavab verirlər. Nə qədər fəallıq göstərsən, nə qədər aktiv olsan, irəliləsən, o qədər də həllini gözləyən vacib məsələlər çoxalır. Çətinliklərə sinə gərərək, öz həyatını, sağlamlığını ortaya qoyub dövlət və millət maraqlarını düşünmək nə qədər ağır olsa da, qürurludur, müqəddəsdir. Çünki millət naminə qazanılan
nailiyyətlərin arxasında çətinliklər, mübarizə və fədakarlıq dayanır. Əsl lider ömrü ilə deyil, yaratdığı tarixlə əbədiləşir. Milləti yaşadıqca, qurduğu dövlət var olduqca onun adı da yaşayır.
Heç bir qələbə öz-özünə qazanılmır. Hər addımın arxasında əziyyət, mübarizə və məşəqqət dayanır. Bizim əldə etdiklərimiz asanlıqla qazanılmayıb. Bu nailiyyətlərə kölgə salmaq istəyənlər anlasınlar ki, dövlətə bu dividendləri qazandıran oğullar sizin kim olduğunuzu bildiyi üçün, sizin ziyankar, xain olduğunuzu bildiyi üçün bəzən müvəqqəti susqunluğa üstünlük veriblər. Amma hər kəs öz layiqli cavabını alır və alacaq.
Dəyərli dostlar, əmin ola bilərsiniz ki, bu proseslərdə xəyanət çəpərlərini təmizləmək üçün kifayət qədər işlər görüldü, zaman sərf olundu. O insanlar ifşa olundu və layiqli cavablarını aldılar.
2019-cu ildə Ramiz Mehdiyevin uzaqlaşdırılması prosesi çox böyük hadisə idi. O çəpərlərin fundamentini quran, arxasında duran siyasi qüvvə və daxildə o çəpərlərin tikanlarının zəhəri ilə zəhərlənmiş yerli xainlər bir siyasi kampaniya ssenarisi ilə gedirdilər. “Bu hakimiyyət torpağı ala bilməz, almaz!” Bu, insanların beynini zəhərləmək üçün onlara içirdilən zəhərin fəsadları idi. Onlar hansı rolu ifa etməli idilər? Amma biz hamımız gördük ki, biz o zəhərli xainlərin və o siyasi dəst-xətti müdafiə edən, bizim məğlubiyyətimizi istəyən, böyük siyasi oyun quranların hamısına layiqli cavab verdik. Və o zəhərli ideologiyanı 44 günə ölkənin lideri və onun qeyrətli övladları darmadağın etdi və Zəfərin zirvəsinə qalxdıq. Və hələ bilin ki, bu Zəfər bizim üçün son dayanacaq deyil, yeni inkişaf mərhələsinin başlanğıcıdır. Və bu, bizim milli iradəmizin təntənəsi idi. Bizim hədəflərimiz daha yüksəklərdir. Bizim missiyamız yalnız tarix yazmaq deyil, gələcəyin tarixini də müəyyən etməkdir və biz bu tarixi birlikdə, öz Prezidentimizlə bərabər yazacağıq
Azərbaycan bu məqsədlərə çatmaq üçün bütün zəruri siyasi və ictimai zəmini hazırlayıb. Müharibə dövründə siyasi dialoqdan tutmuş milli həmrəyliyə və vətənpərvərliyə qədər hər şey səfərbər edildi. Bu gün də gələcəyi müəyyən etmək üçün möhkəm təməl var. Yetər ki bu səmimi və müqəddəs yolda Ali Baş Komandanın arxasında bu qürurlu tarixin iştirakçısı adını qazana bilək. Çünki xalq liderinə inanır, etimad göstərir. Dünya o lideri birmənalı qəbul edir və hörmət edir. Bu, onun böyüklüyünün, müdrikliyinin qələbəsidir.
Uğurlarımız davamlı, Zəfərimiz əbədi, Azərbaycanımız daim şanlı olsun!
Ramil Hüseynov, Yeni Xətt Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri











































