Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın beynəlxalq iqlim diplomatiyasında iştirakı yeni mərhələdə

Azərbaycanın beynəlxalq iqlim diplomatiyasında iştirakı yeni mərhələdə


“BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasında (COP31) Prezident İlham Əliyevin iştirakı Azərbaycan üçün siyasi, diplomatik, iqtisadi və ekoloji baxımdan mühüm əhəmiyyət daşıyır. Dünyanın müxtəlif ölkələrinin dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatların rəhbərlərini, nüfuzlu ekspertləri və investorları bir araya gətirən bu mötəbər platforma Azərbaycanın milli maraqlarının beynəlxalq müstəvidə ifadə olunması, yeni tərəfdaşlıqların qurulması və qlobal iqlim gündəliyində iştirakının genişləndirilməsi baxımından əhəmiyyətli imkanlar yaradır”.

Bunları Newscenter.az-a Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü İlham Məmmədov deyib. O bildirib ki, Azərbaycanın 2024-cü ilin noyabr ayında COP29-a ev sahibliyi etməsi ölkəmizin beynəlxalq iqlim diplomatiyasında iştirakını yeni mərhələyə yüksəltmişdi:

“Bakıda keçirilən həmin konfrans çərçivəsində ekoloji mühitin qorunması ilə bağlı bir sıra mühüm qərarların qəbul edilməsi Azərbaycanın qlobal iqlim proseslərinə verdiyi töhfəni nümayiş etdirdi. Bu baxımdan Prezident İlham Əliyevin COP31-də iştirakı COP29 təcrübəsinin davam etdirilməsi, əldə olunmuş diplomatik əlaqələrin möhkəmləndirilməsi və beynəlxalq iqlim əməkdaşlığının inkişafına töhfə verilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir”.

Deputat qeyd edib ki, COP31-in Türkiyənin Antalya şəhərində keçirilməsi də Prezident İlham Əliyevin iştirakına xüsusi regional və siyasi məzmun verir:

“Azərbaycan və Türkiyə arasında mövcud olan strateji müttəfiqlik münasibətləri, siyasi, iqtisadi və enerji sahələrində formalaşmış əməkdaşlıq əlaqələri bu platformada yeni istiqamətlər üzrə inkişaf etdirilə bilər. İki ölkənin yaşıl enerji, enerji təhlükəsizliyi, ekoloji texnologiyalar və regional enerji bağlantıları sahəsində əməkdaşlığının genişləndirilməsi üçün əlavə imkanlar mövcuddur. Bu baxımdan COP31 Azərbaycan-Türkiyə münasibətlərinin yalnız ənənəvi əməkdaşlıq sahələrində deyil, həm də qlobal iqlim gündəliyi çərçivəsində inkişafına töhfə verə bilər.

Prezident İlham Əliyevin beynəlxalq sammitdə iştirakı Azərbaycanın xarici siyasət əlaqələrinin genişləndirilməsi baxımından da əhəmiyyətlidir. Belə mötəbər tədbirlər dövlət və hökumət başçıları ilə ikitərəfli görüşlərin keçirilməsi, beynəlxalq təşkilatlarla dialoqun inkişaf etdirilməsi, yeni iqtisadi tərəfdaşların müəyyənləşdirilməsi və Azərbaycanın regional təşəbbüslərinin təqdim olunması üçün əlverişli şərait yaradır. Eyni zamanda, ölkəmizin enerji təhlükəsizliyi, regional sabitlik və dayanıqlı inkişaf məsələlərində mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm platforma rolunu oynayır”.

Süleyman
Xəbəri paylaş