
Dövlətin möhkəm hüquqi və institusional əsaslar üzərində qurulması, milli maraqların etibarlı şəkildə qorunması, cəmiyyətin sabitliyi və davamlı inkişafı, ilk növbədə, mükəmməl hüquqi sistemin mövcudluğunu şərtləndirir. Konstitusiya yalnız dövlət idarəçiliyinin əsas prinsiplərini, hakimiyyət orqanlarının səlahiyyətlərini və fəaliyyət mexanizmlərini müəyyənləşdirən sənəd deyil, eyni zamanda, xalqın dövlətçilik iradəsini, tarixi yaddaşını, milli-mənəvi dəyərlərini və gələcəyə dair strateji baxışını özündə birləşdirən fundamental hüquqi aktdır. Azərbaycan Respublikasının Konstitusiyası da bu baxımdan müstəqil dövlətimizin siyasi, iqtisadi və hüquqi inkişafının istiqamətlərini müəyyənləşdirən, milli dövlətçilik ənənələrini müasir dövrün tələbləri ilə uzlaşdıran və dövlət müstəqilliyinin hüquqi təminatını yaradan ali sənəddir.
Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı Azərbaycanın dövlətçilik tarixində həlledici dönüş nöqtəsi oldu. Ümummilli Liderin qətiyyətli siyasi iradəsi və uzaqgörən dövlətçilik strategiyası nəticəsində ölkədə ictimai-siyasi sabitliyin təmin olunması, dövlət müstəqilliyinin qorunması və idarəetmə sisteminin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Məhz bu proseslər yeni Konstitusiyanın hazırlanması üçün zəruri siyasi və hüquqi zəmin yaratdı. Ulu Öndərin rəhbərliyi ilə yaradılmış Konstitusiya Komissiyasının gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində hazırlanmış Əsas Qanun 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edildi. Bu tarixi hadisə müstəqil Azərbaycanın hüquqi dövlət quruculuğunun təməlini möhkəmləndirməklə yanaşı, dövlət idarəçiliyinin, ictimai münasibətlərin və demokratik inkişafın gələcək istiqamətlərini müəyyənləşdirdi.
1995-ci ildə qəbul edilmiş Konstitusiya xalqın suverenliyini dövlət hakimiyyətinin əsas mənbəyi kimi təsbit edərək müstəqil Azərbaycanın demokratik inkişaf modelinin fundamental hüquqi çərçivəsini formalaşdırdı. Əsas Qanunda insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması, hakimiyyət bölgüsü, siyasi plüralizm, mülkiyyət hüququ, qanunun aliliyi və digər mühüm konstitusion prinsiplər öz əksini tapdı. Bu müddəalar dövlət hakimiyyətinin təşkilinin hüquqi əsaslarını müəyyənləşdirməklə yanaşı, vətəndaşların cəmiyyət və dövlət həyatında iştirak imkanlarını genişləndirdi. Ən mühüm məqamlardan biri insan və vətəndaş amilinin dövlət siyasətinin mərkəzinə yerləşdirilməsi, insan hüquq və azadlıqlarının ali dəyər kimi qəbul edilməsinin konstitusion təminatının yaradılması idi. Beləliklə, Konstitusiya müstəqil Azərbaycanın hüquqi dövlət və demokratik cəmiyyət quruculuğunda əsas istiqamətverici sənədə çevrildi.
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyasının başlıca xüsusiyyətlərindən biri milli maraqların müasir hüquqi və demokratik dəyərlərlə üzvi şəkildə uzlaşdırılması idi. Konstitusiyanın hazırlanması zamanı Azərbaycan xalqının çoxəsrlik dövlətçilik təcrübəsi, tarixi ənənələri, milli-mənəvi dəyərləri və ümumbəşəri demokratik prinsiplər vahid hüquqi sistemdə birləşdirildi. Bu yanaşma müstəqil dövlətin milli kimliyinin və hüquqi əsaslarının qorunmasına, cəmiyyətdə hüquq düşüncəsinin formalaşmasına, demokratik təsisatların inkişafına və ölkəmizin beynəlxalq hüquq məkanına inteqrasiyasına mühüm töhfə verdi. Əsas Qanunun məhz bu konseptual əsaslar üzərində formalaşdırılması Azərbaycanın özünəməxsus inkişaf modelinin hüquqi təməlini yaratdı və dövlətçilik ənənələrinin yeni tarixi şəraitdə davamlılığını təmin etdi.
Müstəqillik dövründə ölkədə həyata keçirilən genişmiqyaslı islahatlar, ictimai-siyasi münasibətlərin inkişafı və dövlət idarəçiliyinin təkmilləşdirilməsi Konstitusiyanın yeni dövrün tələblərinə uyğunlaşdırılmasını da zəruri etdi. Əsas Qanuna edilmiş dəyişikliklər və əlavələr idarəçilik sisteminin daha çevik və səmərəli fəaliyyətinə, dövlət institutlarının institusional imkanlarının genişləndirilməsinə, hüquqi mexanizmlərin təkmilləşdirilməsinə, eləcə də insan və vətəndaş hüquqlarının müdafiəsinin gücləndirilməsinə xidmət etdi. Bu proses Konstitusiyanın fundamental dövlətçilik prinsiplərini qorumaqla yanaşı, ictimai inkişafdan, dəyişən reallıqlardan və yeni çağırışlardan irəli gələn tələblərə uyğun hüquqi mexanizmlər formalaşdırmaq imkanlarını da nümayiş etdirdi. Başqa sözlə, Əsas Qanun dövlətin hüquqi sabitliyinin təminatçısı olmaqla yanaşı, onun müasir inkişaf proseslərinə uyğunlaşmasının da mühüm vasitəsidir.
Azərbaycanın müasir dövlətçilik tarixində əldə etdiyi ən böyük nailiyyətlərdən biri ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasıdır. 2020-ci ildə Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazilərində konstitusion quruluşun bərpası təmin edildi. Bununla da Azərbaycan müstəqillik tarixində keyfiyyətcə yeni siyasi və hüquqi reallıq yaratdı. Uzun illər işğal altında qalmış torpaqlarımızın azad edilməsi, həmin ərazilərdə dövlət hakimiyyətinin suveren səlahiyyətlərinin bərqərar olması təkcə hərbi-siyasi Qələbə deyil, həm də Konstitusiyanın hüquqi qüvvəsinin ölkənin bütün ərazisində təmin edilməsi baxımından tarixi əhəmiyyət daşıyırdı. Bu nailiyyət milli dövlətçiliyin bütövlüyünü təmin etməklə yanaşı, müstəqilliyimizin hüquqi və siyasi əsaslarını daha da möhkəmləndirdi.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın əldə etdiyi suverenliyin real nəticələrini və dövlətin gələcəyə hesablanmış inkişaf strategiyasını nümayiş etdirir. Uzun illər doğma yurdlarından ayrı düşmüş soydaşlarımızın mərhələli şəkildə öz torpaqlarına qayıtması, yeni şəhər və kəndlərin salınması, müasir nəqliyyat, enerji, təhsil və səhiyyə infrastrukturunun yaradılması dövlətin konstitusion vəzifələrinin ölkənin bütün ərazisində ardıcıl şəkildə həyata keçirilməsinin göstəricisidir. İşğaldan azad edilmiş ərazilərdə təhlükəsiz yaşayış mühitinin formalaşdırılması, iqtisadi fəallığın artırılması, sahibkarlıq imkanlarının genişləndirilməsi və dayanıqlı məskunlaşmanın təmin olunması Böyük Qayıdış prosesinin əsas istiqamətlərini təşkil edir. Bu quruculuq siyasəti yalnız dağıdılmış ərazilərin yenidən dirçəldilməsinə deyil, bütövlükdə Azərbaycanın iqtisadi və sosial potensialının gücləndirilməsinə də xidmət edir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi nailiyyətlər Azərbaycanın dövlət suverenliyini möhkəmləndirməklə yanaşı, ölkəmizin qarşısında yeni inkişaf imkanları və strateji perspektivlər açıb. Bu gün Azərbaycan milli maraqlarını müstəqil şəkildə müdafiə edən, beynəlxalq münasibətlər sistemində nüfuzlu mövqeyə malik olan, regional və qlobal proseslərdə fəal iştirak edən güclü dövlətdir. Suverenliyin tam bərpasından sonra qarşıda duran əsas vəzifələr sırasında dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi, hüquqi institutların fəaliyyətinin səmərəliliyinin artırılması, iqtisadi müstəqilliyin möhkəmləndirilməsi, sosial rifahın yüksəldilməsi və milli təhlükəsizliyin etibarlı təmin olunması xüsusi yer tutur. Bu hədəflərin reallaşdırılmasında Konstitusiyanın müəyyən etdiyi hüquqi prinsiplər və dövlətçilik dəyərləri mühüm istiqamətverici rol oynayır.
2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi müstəqil Azərbaycanın dövlətçilik tarixindəki mühüm nailiyyətlərə, Əsas Qanunun tarixi əhəmiyyətinə və milli suverenliyin bərpasına verilən yüksək qiymətin ifadəsi oldu. Konstitusiyanın qəbulunun 30 illiyinin ölkəmizin bütün ərazilərində dövlət suverenliyinin təmin edildiyi dövrlə üst-üstə düşməsi xüsusi rəmzi məna daşıyırdı. Həmin il Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi münasibətilə yubiley medalının təsis edilməsi də diqqətəlayiq hadisələrdən biri kimi yadda qaldı. Bu təşəbbüs Konstitusiyanın hazırlanması və təkmilləşdirilməsi, hüquqi dövlət quruculuğu, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində xidmətləri olan şəxslərin əməyinə verilən dəyərin göstəricisidir. Bütün bunlar bir daha təsdiqləyir ki, Konstitusiya yalnız dövlətin hüquqi əsaslarını müəyyənləşdirən sənəd deyil, həm də milli suverenliyin, dövlətçilik ənənələrinin və ictimai həmrəyliyin qorunmasının mühüm təminatıdır.
Azərbaycan bu gün dövlət müstəqilliyini və suverenliyini möhkəmləndirmiş, milli maraqlarını qorumaq qüdrətinə malik olan və qarşısına yeni strateji hədəflər qoyan güclü dövlətdir. Yeni inkişaf mərhələsində hüquqi dövlət prinsiplərinin daha da möhkəmləndirilməsi, qanunun aliliyinin təmin olunması, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, dövlət idarəçiliyində şəffaflığın və səmərəliliyin artırılması, vətəndaş cəmiyyətinin inkişafı mühüm prioritetlər olaraq qalır. Bu istiqamətdə Konstitusiyanın müəyyən etdiyi norma və prinsiplərin ardıcıl tətbiqi ölkəmizin uzunmüddətli tərəqqisinin, milli birliyinin və dövlətçilik sabitliyinin əsas şərtlərindəndir. Əsas Qanun müstəqil Azərbaycanın keçdiyi tarixi yolun hüquqi salnaməsi olmaqla yanaşı, suveren dövlətimizin gələcək inkişafının da etibarlı təminatıdır. 12 Noyabr – Konstitusiya Günü xalqımızın müstəqillik iradəsinə, Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinə və suveren Azərbaycanın hüquqi təməllərinə ehtiramın, eyni zamanda, gələcəyə inamın parlaq ifadəsidir.
Mahir Süleymanlı
Milli Məclisin deputatı











































