Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İrlandiya Parlamentində Azərbaycan–İrlandiya əməkdaşlığının perspektivləri müzakirə olunub

İrlandiya Parlamentində Azərbaycan–İrlandiya əməkdaşlığının perspektivləri müzakirə olunub


10 noyabr 2026-cı il tarixində İrlandiya Parlamentində Azərbaycan–İrlandiya dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf perspektivlərinə həsr olunmuş görüş keçirilib.

Newscenter.az xəbər verir ki, görüşdə İrlandiya Parlamentinin üzvləri Tony McCormack və Ryan O’Mara ilə Azərbaycan–İrlandiya Mədəniyyət Assosiasiyasının sədri, Ashraf & Anna Music School-un təsisçisi və rəhbəri, International Golden Saxophone Competition-un prezidenti, İrlandiyada Azərbaycanın mədəniyyət ictimai xadimi Əşrəf Tağıyev iştirak edib.

Söhbət zamanı iki ölkə arasında parlamentlərarası əlaqələrin, dostluq münasibətlərinin və qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Müzakirələrdə bir sıra perspektivli təşəbbüslər xüsusi yer tutub. O cümlədən, Azərbaycan və İrlandiya şəhərləri arasında qardaşlaşma münasibətlərinin yaradılması, diaspor qurumları arasında əməkdaşlığın gücləndirilməsi, həmçinin gələcəkdə Azərbaycan Respublikasının Dövlət Diaspor Komitəsinin iştirakı ilə onlayn görüşün təşkili məsələləri nəzərdən keçirilib.

Mədəniyyət və təhsil sahəsində əməkdaşlıq çərçivəsində Royal Irish Academy of Music ilə Azərbaycan musiqi akademiyası arasında onlayn görüşün keçirilməsi, akademik və yaradıcı əlaqələrin qurulması, birgə layihələrin, ustad dərslərinin və musiqi mübadiləsi proqramlarının inkişaf etdirilməsi imkanları müzakirə olunub.

Bununla yanaşı, Azərbaycan və İrlandiya arasında turizm əlaqələrinin genişləndirilməsi, qarşılıqlı turist axınının təşviqi, ölkələrin mədəni və tarixi irsinin tanıdılması, eləcə də gələcəkdə həyata keçirilə biləcək digər iqtisadi, mədəni və humanitar layihələr barədə fikir mübadiləsi aparılıb.

Görüşdə vurğulanıb ki, Azərbaycan və İrlandiya arasında münasibətlərin inkişafı üçün parlamentlərarası dialoqla yanaşı, mədəniyyət, təhsil, turizm və ictimai əlaqələr sahəsində konkret təşəbbüslərin irəli sürülməsi mühüm əhəmiyyət daşıyır.

Əşrəf Tağıyev bu istiqamətdə öz təşəbbüslərini davam etdirməyə, iki ölkənin müvafiq qurumları və ictimai təşkilatları arasında əlaqələrin qurulmasına, qarşılıqlı maraq doğuran layihələrin inkişafına töhfə verməyə hazır olduğunu bildirib.

Görüş Azərbaycan–İrlandiya dostluq münasibətlərinin möhkəmləndirilməsi və gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətli fikir mübadiləsi kimi qiymətləndirilib.

Süleyman
Xəbəri paylaş