Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycana qarşı növbəti Ermənistan-İran təxribatı

Azərbaycana qarşı növbəti Ermənistan-İran təxribatı



“İrəvanda yerləşən tarixi Göy məscidin mərasim zalına erməni şairi Yeqişe Çarentsin adının verilməsi və həmin məkanda onun büstünün qoyulmasının planlaşdırılması Azərbaycana qarşı növbəti təxribat cəhdidir. Rəsmi məlumatlara əsasən, İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədi İrəvanda keçirilən mərasimdə iştirak edərək Çarentsin adını daşıyan zalın lövhəsini açıb. İran tərəfi bu təşəbbüsü şairin İran mədəniyyətinə marağı, fars ədəbiyyatına bağlılığı və Göy məscidin qorunmasına verdiyi töhfə ilə əsaslandırıb. Lakin burada əsas sual ortaya çıxır: XVIII əsrdə İrəvan xanlığı dövründə inşa edilmiş tarixi müsəlman abidəsinin daxilində erməni ədəbi şəxsiyyətinin adının əbədiləşdirilməsi hansı tarixi və siyasi mesajı verir? Burada yeganə məqsəd Azərbaycan tarixi irsinin İran mədəni irsi kimi təqdim edilməsidir”.

Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı səsləndirib. Onun sözlərinə görə, Göy məscid XVIII əsrdə İrəvan xanlığının hökmdarı Hüseynəli xan Qacarın hakimiyyəti dövründə inşa edilmişdir:

“Tarixi mənbələrdə onun 1767–1768-ci illərdə tikildiyi göstərilir. Bu abidə İrəvanın tarixi müsəlman memarlıq irsinin mühüm nümunələrindən biridir. Məscidin memarlığında Səfəvi və Qacar dövrlərinə xas İran memarlıq ənənələrinin təsiri özünü göstərir. Bu fakt abidənin memarlıq və mədəni baxımdan İran dünyası ilə əlaqəsini təsdiqləsə də, onun kim tərəfindən, hansı siyasi hakimiyyətin dövründə və hansı yerli müsəlman icması üçün inşa edildiyi məsələsini dəyişmir.

Məhz bu iki məqamın bir-birindən fərqləndirilməsi olduqca vacibdir. Çünki memarlıq üslubu ilə tarixi mənsubiyyət eyni anlayışlar deyil”.

Politoloq qeyd edib ki, İran tərəfi Göy məscidi İran və Ermənistanın ortaq tarixi-mədəni irsi kimi təqdim etməyə çalışır:

“Halbuki, məscid İrəvan xanlığı dövründə Azərbaycan xanı tərəfindən inşa etdirilib. Onun Azərbaycan xalqının tarixi-mədəni irsinin ayrılmaz hissəsi olduğu hər kəsə məlumdur”.

Arzuman Muradlı deyib ki, bu həm də Ermənistanın tarixi-mədəni abidələrin erməniləşdirilməsi istiqamətində daha bir addımdır:

“Yeqişe Çarents erməni ədəbiyyatının nümayəndələrindən biridir. Onun yaradıcılığının təbliği və xatirəsinin yad edilməsi, Ermənistan dövlətinə aid məsələdir. Lakin burada əsas sual budur ki, nə üçün məhz Azərbaycan xanının inşa etdirdiyi tarixi müsəlman abidəsinin mərasim zalı seçilib?”.

Süleyman
Xəbəri paylaş