Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tarixi Zəfər xalqımızın milli yaddaşında əbədi yaşayacaq

Tarixi Zəfər xalqımızın milli yaddaşında əbədi yaşayacaq


Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrik bir daha xalqımızın tarixi Qələbəsinin mahiyyətini, bu Zəfərə aparan yolu və dövlətimizin qarşısında dayanan yeni hədəfləri aydın şəkildə ortaya qoyur.

44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə Azərbaycan xalqının milli iradəsinin, sarsılmaz birliyinin, qəhrəman Ordumuzun gücünün və Müzəffər Ali Baş Komandanımızın qətiyyətli rəhbərliyinin təntənəsidir. Bu Zəfər uzun illər davam edən işğala son qoymaqla yanaşı, beynəlxalq hüququn norma və prinsiplərinin, tarixi ədalətin və xalqımızın milli ləyaqətinin bərpasını təmin etdi.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin çıxışında xüsusi vurğuladığı kimi, bizi Qələbəyə aparan əsas qüvvə xalqımızın milli ruhu, vətən sevgisi və torpaqlarımızın azadlığına olan sarsılmaz inamı idi. Uzun illər ərzində həyata keçirilən məqsədyönlü ordu quruculuğu, Silahlı Qüvvələrimizin müasirləşdirilməsi, hərbi potensialımızın gücləndirilməsi və dövlətimizin iqtisadi qüdrətinin artırılması bu tarixi Qələbənin mühüm əsaslarını təşkil etdi. Azərbaycan xalqı isə bir yumruq kimi birləşərək öz Liderinin ətrafında səfərbər oldu.

Şuşanın azad edilməsi ilə müharibənin taleyinin həll olunması Azərbaycan əsgərinin qəhrəmanlığının, peşəkarlığının və vətənə bağlılığının parlaq təcəssümü idi. Bu Qələbə bütün dünyaya göstərdi ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayıb və öz doğma torpaqlarına qayıtmaq əzmini heç zaman itirməyib.

Bu gün Zəfərimizin yaratdığı reallıqların ən mühüm nəticələrindən biri də suverenliyimizin ölkəmizin bütün ərazisində tam bərpa olunmasıdır. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin edilməsi Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı oldu.

Bu gün azad edilmiş ərazilərimizdə genişmiqyaslı quruculuq və bərpa işlərinin aparılması, Böyük Qayıdış Proqramının uğurla həyata keçirilməsi dövlətimizin gücünün və qurub-yaratmaq əzminin göstəricisidir. Vaxtilə dağıdılmış şəhər və kəndlərimiz yenidən qurulur, müasir infrastruktur yaradılır, keçmiş məcburi köçkünlərimiz doğma yurdlarına qayıdırlar. Qarabağ və Şərqi Zəngəzur bu gün həyatın, inkişafın və quruculuğun məkanına çevrilir.

Zəfər tariximizin ən mühüm mənəvi dəyəri isə şəhidlərimizin müqəddəs xatirəsidir. Bu Qələbə şəhidlərimizin canı və qanı, qazilərimizin fədakarlığı, əsgər və zabitlərimizin qəhrəmanlığı hesabına qazanılıb. Hər birimiz onların qarşısında mənəvi borcluyuq. Şəhidlərimizin əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq, onların qəhrəmanlığı gələcək nəsillər üçün əsl vətən sevgisi və vətənpərvərlik nümunəsi olacaq.

Cənab Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi azərbaycançılıq məfkurəsi, milli-mənəvi dəyərlərimizə bağlılıq və ümumxalq həmrəyliyi fikirləri də xüsusi əhəmiyyət daşıyır. Çünki bizi birləşdirən, güclü dövlət kimi inkişafımızı təmin edən əsas amil milli birliyimiz və ortaq dövlətçilik maraqlarımızdır.

Bu tarixi Zəfər xalqımızın milli yaddaşında əbədi yaşayacaq, gələcək nəsillər üçün qürur, güc və vətənpərvərlik mənbəyi olacaq. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da öz müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə qoruyacaq, daha böyük uğurlara imza atacaq.

Fatma Yıldırım,

Milli Məclisin deputatı
Xəbəri paylaş