
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşü olub.
Newscenter.az xəbər verir ki, söhbət zamanı ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğu vurğulandı, iqtisadi-ticari, enerji və digər sahələrdə əməkdaşlığın inkişafı üçün daha böyük potensialın mövcudluğu qeyd edildi.
Azərbaycanın və Litvanın dövlət başçıları regional sülh gündəliyi, ikitərəfli münasibətlər və Azərbaycan-Avropa İttifaqı əlaqələrinin genişləndirilməsi barədə fikir mübadiləsi apardılar.
xxx
Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb.
Dövlətimizin başçısı ilə görüşdən məmnunluğunu bildirən Prezident Nikuşor Dan ölkələrimiz arasında dostluq əlaqələrinin olduğunu vurğulayaraq, Azərbaycan Prezidentini Rumıniyada səfərdə görməkdən məmnun olacağını bildirdi.
Prezident İlham Əliyev münasibətlərimizin strateji tərəfdaşlıq zəminində inkişaf etdiyini dedi və əlaqələrimizin daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu vurğuladı.
Dövlət başçıları ikitərəfli müzakirələrə əsaslanaraq, strateji tərəfdaşlığımızın dərinləşdirilməsinə, əsas enerji və bağlantı layihələrinin irəlilədilməsinə, həmçinin ortaq siyasi və iqtisadi gündəliyin həyata keçirilməsinə dair fikir mübadiləsi apardılar.
Azərbaycanın Rumıniya üçün və Avropanın enerji təhlükəsizliyi baxımından mühüm tərəfdaş olduğu vurğulandı. Enerji sahəsində mövcud əməkdaşlığın yaxşı perspektivlərinin olduğu bildirildi. Xəzər dənizini və Qara dənizi birləşdirən əməkdaşlığımızın inkişafı üçün böyük potensialın mövcudluğu qeyd edildi.
Görüşdə ölkələrimiz arasında bağlantılar, şəhərlərarası və elm-təhsil sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı, müdafiə sənayesi sahəsində əlaqələrin perspektivləri qeyd edildi.
Son dövrlərdə ölkələrimiz arasında müxtəlif səviyyələrdə həyata keçirilən səfərlərin əhəmiyyəti vurğulandı.
Rumıniya Prezidenti əlaqələrimizin humanitar-mədəni aspektinin vacib hissəsi kimi paytaxt Buxarestdə Heydər Əliyev parkının mövcudluğunu qeyd etdi və hazırda parkda təmir işlərinin uğurla aparıldığını bildirdi.

Anar












































