
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində keçirilən Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısında iştirakı ölkəmizin Avropa dövlətləri ilə münasibətləri, regional proseslərdə rolu və beynəlxalq əməkdaşlıq imkanları baxımından diqqətəlayiq hadisədir. “Güclü, təhlükəsiz və əlaqəli Avropa” mövzusuna həsr olunmuş toplantıda enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları, iqtisadi rəqabət qabiliyyəti, innovasiya və regional təhlükəsizlik məsələləri müzakirə olunub”.
Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı deyib. O bildirib ki, Prezident İlham Əliyevin sammit çərçivəsində keçirilən müzakirələrdə iştirakı Azərbaycanın bu məsələlər üzrə mövqeyinin beynəlxalq səviyyədə ifadəsi üçün əlavə imkan yaradıb.
“2022-ci ildə yaradılmış Avropa Siyasi Birliyi Avropa İttifaqına üzv olan və olmayan dövlətləri vahid siyasi dialoq platformasında birləşdirir. Bu qurumun əsas məqsədi Avropa qitəsində siyasi məsləhətləşmələri, təhlükəsizlik və iqtisadi əməkdaşlığı inkişaf etdirməkdir. Azərbaycan üçün bu platformanın əhəmiyyəti Avropa dövlətləri ilə birbaşa təmasların genişləndirilməsi, milli maraqların beynəlxalq müstəvidə ifadə olunması və yeni tərəfdaşlıq imkanlarının araşdırılması ilə bağlıdır. Xüsusilə nəzərə almaq lazımdır ki, Avropa Siyasi Birliyi Avropa İttifaqının üzvlük mexanizmi deyil, dövlətlərin bərabərhüquqlu dialoquna əsaslanan siyasi əməkdaşlıq formatıdır”.
Arzuman Muradlı qeyd edib ki, Azərbaycanın bu platformada iştirakı ölkəmizin Avropa ilə münasibətlərinin yalnız enerji və ticarət sahələri ilə məhdudlaşmadığını, siyasi dialoq, regional təhlükəsizlik, nəqliyyat, logistika və humanitar əməkdaşlıq kimi istiqamətləri də əhatə etdiyini göstərir:
“Bu baxımdan Dublin sammiti Azərbaycan üçün mövcud əlaqələrin inkişaf etdirilməsi ilə yanaşı, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından da əhəmiyyətlidir”.
Politoloq onu da diqqətə çatdırıb ki, Azərbaycanın Avropa ilə münasibətlərində enerji təhlükəsizliyi xüsusi yer tutur:
“Avropanın enerji mənbələrini şaxələndirmək siyasəti ölkəmizin etibarlı enerji tərəfdaşı kimi rolunu daha da aktuallaşdırır. Azərbaycan uzun illərdir ki, Avropa bazarına enerji resurslarının nəqlində mühüm iştirakçılardan biridir. Xüsusilə 2022-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması bu əməkdaşlığın inkişafında yeni mərhələnin əsasını qoyub№.
Dublin sammiti çərçivəsində Prezident İlham Əliyevin “Rəqabətqabiliyyətli Avropanın qurulması – innovasiya, bağlantılar və əlçatan enerji” mövzusunda keçirilən dəyirmi masa müzakirəsində iştirakı Azərbaycanın enerji təhlükəsizliyi sahəsindəki rolunun diqqətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyıb. Dövlət başçısı çıxışında Azərbaycanın Avropaya təbii qaz ixracının artdığını və ölkəmizin enerji təchizatında mühüm tərəfdaş olduğunu vurğulayıb”.
Süleyman












































