
Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin qarşılıqlı etimada və milli maraqların uzlaşmasına əsaslanan tərəfdaşlıq əlaqələri xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasındakı münasibətlər məhz bu təməl üzərində qurulmuş, illər keçdikcə dərinləşərək keyfiyyətcə yeni mərhələyə – strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Bu əlaqələrin inkişaf dinamikası Azərbaycanın qlobal miqyasda həyata keçirdiyi müstəqil, praqmatik və uzaqgörən xarici siyasətin təzahürüdür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursu ölkəmizin beynəlxalq nüfuzunu durmadan artırır, onu dünyanın etibarlı tərəfdaşına çevirir. Dövlət başçısının qətiyyətli mövqeyi, balanslaşdırılmış diplomatiyası və qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələr Azərbaycanı Qərbin aparıcı dövlətləri, xüsusilə də Birləşmiş Krallıq üçün strateji əhəmiyyətli mərkəzə çevirmişdir. London ilə Bakı arasındakı münasibətlər təkcə neft-qaz sektorunu deyil, həm də yaşıl enerji, ticarət, təhsil, təhlükəsizlik və mədəniyyət sahələrini əhatə edən geniş bir spektri əhatə edir.
İki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə bu əməkdaşlığın hüquqi və siyasi bazasını möhkəmləndirən mühüm sənəddir. Sənəd tərəflərin regional təhlükəsizlik, sabitlik və iqtisadi inkişaf istiqamətində ortaq maraqlarını nümayiş etdirir. Birləşmiş Krallıq Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəkləmiş, ölkəmizin regionda sülh və sabitliyin təmin olunmasındakı rolunu yüksək qiymətləndirmişdir. Xüsusilə, işğaldan azad edilmiş torpaqlarda həyata keçirilən bərpa və quruculuq işlərində, eləcə də mina təmizlənməsi prosesində Britaniya şirkətlərinin və mütəxəssislərinin yaxından iştirakı bu tərəfdaşlığın praktiki nəticələrindən biridir.
Azərbaycan hökumətinin uğurlu xarici siyasətinin əsas sütunlarından biri də enerji diplomatiyasıdır. illər öncə təməli qoyulmuş "Əsrin müqaviləsi" ilə başlanan neft-qaz əməkdaşlığı bu gün "Cənub Qaz Dəhlizi" və gələcəyə yönəlmiş yaşıl enerji layihələri ilə davam etdirilir. Birləşmiş Krallığın qlobal enerji nəhəngi olan BP şirkəti ilə Azərbaycanın onilliklər ərzində qurduğu tərəfdaşlıq qarşılıqlı etimadın və uzunmüddətli əməkdaşlığın simvoluna çevrilmişdir. Prezident İlham Əliyevin strateji baxışı sayəsində bu əməkdaşlıq indi ənənəvi enerji mənbələri ilə yanaşı, bərpa olunan enerji mənbələrinə – külək və günəş enerjisinə yatırılan investisiyalarla da zənginləşir.
Bütün bu nailiyyətlər bir daha sübut edir ki, Azərbaycan Respublikasının xarici siyasəti konkret milli maraqlara, qarşılıqlı hörmətə və beynəlxalq hüquq norma və prinsiplərinə söykənir. Prezident İlham Əliyevin uzaqgörən və praqmatik siyasəti sayəsində Azərbaycan qlobal güclərlə bərabərhüquqlu və qarşılıqlı faydalı münasibətlər qurmağı bacarmışdır. Birləşmiş Krallıqla imzalanmış Birgə Bəyannamə və bu bəyannamədən irəli gələn əməli addımlar gələcəkdə iki ölkə arasında dostluq körpülərinin daha da möhkəmlənəcəyini və Azərbaycanın beynəlxalq aləmdəki mövqelərinin daha da güclənəcəyini qətiyyətlə deməyə əsas verir.
Orxan Baxşəliyev
YAP Yevlax rayon təşkilatının fəalı











































