Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

QHT-lər ləğv ediləcək:Şərtlər dəyişir

QHT-lər ləğv ediləcək:Şərtlər dəyişir


Qeyri-hökumət təşkilatı, habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin ləğv ediləcəyi halların əhatə dairəsi genşləndirilir.

Newscenter.az xəbər verir ki, bu, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna görə, qeyri-hökumət təşkilatına, habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinə bir il ərzində ikidən çox yazılı surətdə xəbərdarlıq və ya pozuntuların aradan qaldırılması haqqında göstəriş verildiyi halda qeyri-hökumət təşkilatı, habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında məhkəmənin qərarı ilə ləğv edilə bilər.

Layihəyə əsasən, aşağıda göstərilən hallarda qeyri-hökumət təşkilatı, habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında məhkəmənin qərarı ilə ləğv edilə bilər:

- qeyri-hökumət təşkilatının, habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin fəaliyyəti dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid və ya insanların həyat və sağlamlığı üçün real təhlükə yaratdıqda;

- Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri ilə bağlanmış sazişin qüvvədə olma müddəti bitdikdə və bu müddətin uzadılması ilə bağlı müraciət daxil olmadıqda, habelə bu müddət uzadılmadıqda;

- qeyri-hökumət təşkilatına, habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinə bir il ərzində iki və daha çox yazılı surətdə xəbərdarlıq və ya pozuntuların aradan qaldırılması haqqında göstəriş verildikdə;

- qeyri-hökumət təşkilatının ali idarəetmə orqanı olan ümumi yığıncaq ardıcıl olaraq üç il ərzində çağırılmadıqda;

- qeyri-hökumət təşkilatı, habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi üç ildən artıq müddətdə fəaliyyətini dayandırdıqda və ya bu müddətdə fəaliyyətsiz olduğu müəyyən edildikdə;

- qeyri-hökumət təşkilatının, habelə xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin fəaliyyətinin dayandırılmasına səbəb olmuş pozuntular müəyyən olunmuş müddətdə aradan qaldırılmadıqda və ya fəaliyyətinin dayandırıldığı dövrdə (məcburi dövlət ödənişlərinin, cərimələrin, mövcud mülki-hüquqi və əmək müqavilələri üzrə ödənişlərin, fəaliyyəti nəticəsində dəymiş ziyanın ödənilməsi, müvafiq icra hakimiyyəti orqanının xəbərdarlıq və göstərişində qeyd olunan pozuntuların aradan qaldırılması ilə bağlı hərəkətlər istisna olmaqla) hər hansı formada fəaliyyət göstərdikdə (fəaliyyəti ilə əlaqədar hər hansı hərəkətlərin edilməsi, o cümlədən qərarların qəbul edilməsi və ya sənədlərin imzalanması);

- qeyri-hökumət təşkilatı, xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında və ya qeyri-hökumət təşkilatları haqqında qanunvericiliyin pozulmasına görə inzibati məsuliyyətə cəlb edildikdən və ya hədəfli maliyyə sanksiyası tətbiq edildikdən sonra qurum tərəfindən həmin pozuntular müəyyən olunmuş müddətdə aradan qaldırılmadıqda;

- qeyri-hökumət təşkilatı bu Qanunla müəyyən edilmiş növlərdən birinə yaxud nizamnamə məqsədlərinə uyğun fəaliyyət göstərmədikdə (APA).
Xəbəri paylaş