
Ermənistan Azərbaycandan ərazi iddiasını beynəlxalq siyasi müstəvidə davam etdirir, İttifaq daxilində müstəqil dövlət kimi ərazisini siyasi mübarizə aparmaqla, Moskvanın razılığı ilə genişləndirmək istəyirdi. Azərbaycan bu siyasi təxribata qarşı mübarizəyə başlamışdı, Ermənistan isə niyyətini gerçəkləşdirməyə. Azərbaycanda bu mübarizə milli-azadlıq hərəkatı kimi formalaşırdı. Moskvanın hadisələrə mövqesizlik münasibəti (əslində, Ermənistanın mövqeyini dəstəkləməsi) hadisələrin daha ciddi səviyyədə mürəkkəbləşməsinə səbəb olmuşdu, siyasi hadisələr atıq millətçilik müstəvisində davam etdirilirdi. 1987-ci ilin sonlarında Qafan və digər rayonlardan azərbaycanlıların təqib edilməsi, sıxışdırılması ilə başlayan siyasi deportasiya 1988-ci ilin qışında daha da genişləndirildi, 200 mindən çox azərbaycanlı dövlətin gizlin tapşırığı ilə qovuldu, yüzlərlə azərbaycanlı öldürüldü.
Erməni ideoloqların rəhbərliyi ilə Yerevanda və Xankəndidə başlayan mitinqlər Dağlıq Qarabağın Ermənistana birləşdirilməsində bir mərhələ olmalı idi. Ermənilər buna ciddi etiraz edən azərbaycanlıların dinc etiraz aksiyasını Əsgəranda gülləyə tutdu. İki uşaq – Əli ilə Bəxtiyar şəhid oldu. Bunlar Birinci Qarabağ müharibəsinin ilk güllələri idi...
Azərbaycanda milli-azadlıq hərəkatı açıq müstəviyə keçdi. Təşkilatlanan narazılıqlar genişləndi, 1988-ci il noyabrın 17-də mitinqlər başladı. Mitinqlər təkcə erməniliyə etirazların mitinqləri deyildi, həm də İttifaqın siyasəti əleyhinə başlayan mitinqlər idi. Azadlığın, müstəqilliyin, suverenliyin mitinqləri milyonların mitinqinə çevrildi.
1920-ci il aprelin 28-də ilhaq edilən dövlətçiliyimizi bərpa etmək istəyən xalqımızın meydan hərəkatı qürurverici səviyyədə genişləndi. Bu hərəkat 68 il Mərkəzin siyasi sıxıntılarında saxlanmış azadlığın, müstəqilliyin dirçəlişinin ilki idi. Bu hərəkat İmperiyanın süqutunu proqnozlaşdırırdı. Hərəkatın başlanğıcında irəli sürülən ilkin tələblər (Ermənistanda və Dağlıq Qarabağda erməni separatçılığına və terrorizminə son qoyulması, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, Topxanada tikintisinə başlanılan zavodun tikintisinin dayandırılması, ...), az sonra siyasi tələblərlə (Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması) əvəzləndi.
Rus imperiyası bu hərəkatı boğmağa çalışsa da, 1990-cı il yanvarın 20-də Bakıda və Azərbaycanın daha bir neçə şəhərində faciələr törətsə də Azərbaycanda başlayan mütəşəkkil milli-azadlıq hərəkatı Azərbaycanı Sovetlər Birliyinin ilhaqından qurtardı, onun dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə nəticələndi. Müstəqilliyin Bərpası Günü kimi qeyd olunan tarixi gün də başlanğıcını 17 noyabr Milli Dirçəliş Günündən götürüb. 15 oktyabr 2021-ci ildə qəbul edilən Müstəqillik Günü haqqında qanun qəbul olundu...
SSRİ-nin süqutunun siyasi səbəblərini araşdıran tədqiqatçıların (əksəriyyəti xarici tədqiqatçılar) böyük əksəriyyəti Azərbaycanda başlayan milli-azadlıq hərəkatını Sovetlər Birliyində ən geniş miqyaslı xalq hərəkatı adlandırır, İttifaqın süqutunu müəyyənləşdirən prosesi Azərbaycanın milli-azadlıq hərəkatı ilə əlaqələndirirdilər. Dekabrın 4-dən 5-nə keçən gecə sovet qoşunları bir milyondan çox vətənsevərin toplaşdığı mitinqi dağıtsa da mübarizə səngimədi. “Azadlığı zərrə-zərrə, qram-qram istəməyən” (X.R.Ulutürk) xalqımız dünyanı qətiyyətiylə, azərbaycançılığıyla, mübarizəsiylə heyrətləndirdi...
17 Noyabr Azərbaycanın dövlətçilik tarixində böyük siyasi hadisə oldu. Dövlətçiliyi bərpa edilən Azərbaycan müstəqilliyini qorumaq üçün bütün dövlətçilik təsisatlarını yaratdı. Böyük tarixi şəxsiyyət Heydər Əliyev 1991-ci ilin martında Azərbaycan SSR Ali Sovetinin iclasında çıxışında Azərbaycanın strateji sabahlarını belə müəyyənləşdirirdi: "Azərbaycan xalqı birləşməli, öz müqəddəs torpaqlarını göz bəbəyi kimi qorumalıdır. Azərbaycan Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır"...
Milli Dirçəliş Günü Azərbaycanın dövlət müstəqilliyinin bərpasında mühüm tarixi hadisə oldu. Sonralar müəyyən siyasi çalxantılarla üzləşsə də Azərbaycan dövləti indi ərazi bütövlüyü tam bərpa olunmuş böyük siyasi nüfuza malik inkişaf etmiş güclü, dünyəvi, bəşəri bir dövlətdir.
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı












































