Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda 5 milyonluq əmlak sahibindən xəbərsiz söküldü

Bakıda 5 milyonluq əmlak sahibindən xəbərsiz söküldü


Sabah Yasamal rayon məhkəməsində hakim Kərim Xudayevin sədrliyi ilə “Azəri-Tikinti Şirkəti” MTK-nın, Ramilə Bağırovanın və Mətin Əmiraslanovun cavabdehlər Naiq Məmmədhəsənov, “Təzadlar” İctimai-Siyasi Gündəlik Qəzetinə və “Vətəninfo.az İnformasiya Agentliyi” MMC-yə qarşı iddiasına baxılacaq.

Newscenter.az müsavat.com-a istinadən xəbər verir ki, bu hüquqi çəkişmənin arxasında dayanan faktlar isə əsl detektiv filmini xatırladır. Belə ki, sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti Şirkəti” MTK özbaşına, saxta alqı-satqı müqaviləsi əsasında özəl əmlakı sökməsinə görə artıq cinayət işi başlanıb. Söhbət Bakının mərkəzində, Azadlıq prospekti 40 və 42 ünvanlarında yerləşən, 2 mərtəbəli, zirzəmisində obyektləri olan və dəyəri 5 milyon manatdan artıq olan özəl mülkiyyətdən gedir.

Sökülənə qədər binanın zirzəmi mərtəbəsində məşhur “Mağara” restoranı və Dequstasiya zalı, birinci mərtəbəsində səfirliklərin tədbirlər düzənlədiyi “Tovuz Konyak Evi”, ikinci mərtəbəsində isə “Hostel” fəaliyyət göstərib. Özəl mülkiyyətin sahibi Naiq Məmmədhəsənovla əmlakın alqı-satqısı barədə razılığa gəlinsə də, müqavilə üzrə öhdəliklərin icrası sonradan unudulub. Ortada məhkəmələrə saxta sənədlərin təqdim olunması kimi ağır faktlar və başlanmış cinayət işi mövcuddur. Mətbuat bu özbaşınalıqları işıqlandırdıqdan sonra isə sabiq deputatın ətrafı mətbuatı və iş adamını məhkəməyə verib.

Hər şey “Təzadlar” qəzetində dərc olunan “Hakimlər keçmiş deputatın saxta məktubları ilə necə qanunsuz məhkəmə aktları “istehsal” ediblər?” başlıqlı yazıyla alovlanıb. Məqalədə qeyd olunurdu ki, MTK Naiq Məmmədhəsənova məxsus 170 kv.m və 226 kv.m sahələri qanunsuz olaraq Əsabil Qasımovun qohumu Könül Əhmədovaya satıb və ardından da söküb. Beləcə iş adamı Naiq Məmmədhəsənova məxsus 481 kv.m əmlak ələ keçirilib, sökülüb və yerində hündürmərtəbəli bina inşa olunub.

Ən maraqlısı odur ki, DİN-in Nəsimi RPİ-nin İstintaq şöbəsində başlanan cinayət işi çərçivəsində təyin olunan ekspertiza hər şeyi üzə çıxarıb. “Ekspertiza Tədqiqatları Mərkəzi” MMC-nin rəyi sübut edib ki, işdə alqı-satqı tərəfi kimi keçən Könül Əhmədovanın sənədlərdəki imzası başqa şəxs tərəfindən saxtalaşdırılıb.

İşdə 21 dekabr 2018-ci il tarixli notarial qaydada təsdiq olunmuş razılaşma müqaviləsi mövcuddur. İş adamı Naiq Məmmədhəsənovun əlindəki nüsxədə, sadəcə, “Razılaşma müqaviləsi” yazıldığı halda, Mətin Əmiraslanovun məhkəməyə təqdim etdiyi surətdə “054” rəqəmi peyda olub.

Nəsimi rayon Məhkəməsi vətəndaş Naiq Məmmədhəsənovun əmlakının qanunsuz sökülməsi faktını tanıyıb və haqlı olaraq 394 min 342 manat kompensasiyanın “Azəri Tikinti Şirkəti” MTK-dan tutularaq ödənilməsinə qərar verib. Bütün bu sübutlara, Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin arayışlarına baxmayaraq, qarşı tərəfin məhkəmə qapılarını döyməsi və kompensasiya tələb etməsi təəccüb doğurur.

Mövzunu diqqətdə saxlayacağıq.
Xəbəri paylaş