
Milli Məclisin bu gün keçirilən plenar iclasında gələn ilin dövlət büdcəsi zərfinin müzakirəsində deputat Hikmət Babaoğlu məktəblərdə rus bölməsinin fəaliyyətinə toxunub və rus dilində təhsilin dövlət büdcəsindən maliyyələşdirilməsinin dayandırılmasını təklif edib. Deputat bildirib ki, milli kimlik, milli ideologiya təhsildə formalaşır: “Bir şagirdin dövlət büdcəsinə illik xərci 2 min manatdır. Azərbaycanda ingilis və ya Çin dilində dövlət hesabına təhsil alan şagirdlər varmı? Demək olar ki, yox. Belə olan halda Azərbaycanda rus dilinin xüsusi əlahiddə statusu nədir ki, 157 min şagird bu dildə təhsil alır və bu xərcləri dövlət ödəyir. Nə üçün? Bu barədə düşünmək lazımdır. Ali təhsil müəssisələrində də belədir".
Deputatın qaldırdığı bu məsələ günümüz və gələcəyimiz üçün önəmli məsələdir. Bu məsələ yalnız dövlət büdcəsindən ayrılan vəsaitə qənaət baxımından deyil, həm də təhsil siyasəti, milli kimlik və dil təhlükəsizliyi baxımından ciddi müzakirə tələb edir. Təhsil sistemində hansı dilin hansı statusda və hansı məqsədlə tədris olunması dövlətin strateji prioritetləri ilə uzlaşdırılmalıdır.
Azərbaycan dili dövlət dilidir və ölkədə yaşayan hər bir vətəndaşın bu dili yüksək səviyyədə bilməsi təmin edilməlidir. Şagirdin ana dili, milli tarix və ədəbiyyatla bağlı bilikləri onun dünyagörüşünün, vətəndaşlıq mövqeyinin və milli mənsubiyyət hissinin formalaşmasında mühüm rol oynayır. Bu baxımdan, dövlət məktəblərində Azərbaycan dilinin tədrisinə, onun nüfuzunun artırılmasına və bütün şagirdlər üçün keyfiyyətli öyrənmə imkanlarının yaradılmasına xüsusi diqqət yetirilməlidir.
Eyni zamanda, xarici dillərin öyrənilməsi müasir dünyanın reallığıdır. İngilis, Çin, alman, fransız və digər dillər şagirdlərin beynəlxalq təhsil, elm, texnologiya və əmək bazarına çıxışını genişləndirir. Buna görə də xarici dillərin tədrisinə dünya təcrübəsi əsasında yanaşmalıyıq. Dünya təcrübəsində isə heç bir ölkənin hansısa bir xarici dildə ayrıca bölmə, sektor açmaq və onu büdcədən maliyyələşdirmək təcrübəsi yoxdur. Deputatın sözügedən təklifi də məhz bu yanaşmaya əsaslanır.
Bu baxımdan, ən optimal yanaşma dövlət məktəblərində Azərbaycan dilində təhsilin əsas və aparıcı model kimi möhkəmləndirilməsi, xarici dillərin isə yüksək keyfiyyətlə öyrədilməsi şəffaf və obyektiv meyar kimi qiymətləndirilməsidir. Burada əsas məqsəd hansısa dili cəmiyyətdən sıxışdırıb çıxarmaq deyil, Azərbaycan dilinin dövlət və təhsil dili kimi real üstünlüyünü təmin etmək, şagirdlərə isə müasir dünyanın tələblərinə cavab verən çoxdilli təhsil imkanları yaratmaq olmalıdır. Dövlət büdcəsinin prioriteti Azərbaycan dilində keyfiyyətli, əlçatan və rəqabətqabiliyyətli təhsilin təmin olunması olmalıdır. Bununla yanaşı, digər dilləri bilən, dünyaya açıq və milli dəyərlərinə bağlı vətəndaşların yetişdirilməsi də müasir Azərbaycanın əsas hədəflərindən biri kimi qalmalıdır.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri












































