
ABŞ və İran arasında danışıqlar prosesi hazırda konfidensial şəkildə davam edir. Danışıqların əsas müzakirə predmetlərindən biri İranın nüvə proqramıdır. ABŞ tərəfi İranın uranın zənginləşdirilməsini üçüncü ölkədə həyata keçirməsini və ya zənginləşdirmə səviyyəsinin 3 faizə qədər azaldılmasını, həmçinin təxminən 400 kiloqram nüvə materialının ölkədən çıxarılmasını tələb edir. Lakin İran tərəfi Vaşinqtonun bu şərtlərini qəbul etmir və hazırda yeni razılaşma sənədi üzərində iş aparılır.
Tərəflər arasında müəyyən kompromis əldə edilə bilər. Belə ki, İranın uranı 3 faizə qədər zənginləşdirməsinə icazə verilməsi, lakin bu materialdan yalnız elmi və mülki məqsədlər üçün istifadə olunması ilə bağlı ortaq razılaşma mümkün variantlardan biri ola bilər.
Bununla yanaşı, ABŞ İran ətrafında hərbi qüvvələrini cəmləşdirməkdə davam edir. Bu, Vaşinqtonun Tehrana qarşı təzyiq siyasətinin mühüm tərkib hissəsidir. Digər tərəfdən, iqtisadi blokada və sanksiyalar vasitəsilə İranın maliyyə imkanlarının məhdudlaşdırılması istiqamətində də addımlar atılır. Nəticədə İranın iqtisadi və siyasi vəziyyəti getdikcə daha mürəkkəb xarakter alır.
Qeyd edim ki, əsas məsələ İranın kəşfiyyat sistemində baş verən dəyişikliklərdir. Kəşfiyyat qurumlarının birbaşa ali rəhbərin nəzarətinə verilməsi ölkə daxilində təhlükəsizlik mexanizmlərinin yenidən qurulduğunu göstərir. İran rəsmilərinə qarşı həyata keçirilən sui-qəsdlər və təhlükəsizlik boşluqları kəşfiyyat sisteminin fəaliyyətinə dair ciddi suallar yaradıb. Bu baxımdan, Tehran həm xarici müdaxilə, həm də daxili təhlükəsizlik risklərini nəzərə alaraq nəzarət mexanizmlərini gücləndirməyə çalışır.
Digər tərəfdən, ABŞ və İsrailin İrana qarşı yeni hərbi əməliyyatlar həyata keçirməsi ehtimalı da gündəmdə qalır. Düşünürəm ki, ABŞ genişmiqyaslı hərbi hücumun mümkün nəticələrini ciddi şəkildə nəzərə alır. Çünki belə bir əməliyyat regionda nəzarətdən çıxan hərbi eskalasiyaya səbəb ola bilər. İran cavab olaraq regiondakı ABŞ hərbi bazalarına və müttəfiq ölkələrin infrastrukturuna zərbələr endirə bilər. Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Küveytin potensial İran tərəfindən işğal edilməsi mümkün ola bilər.
Bundan əlavə, İranın regiondakı müttəfiq qüvvələrinin, xüsusilə Yəməndəki Ənsarullah hərəkatının Bab əl-Məndəb boğazında gəmiçiliyə qarşı fəaliyyətini intensivləşdirməsi ehtimalı mövcuddur. Bu isə beynəlxalq ticarət marşrutlarına və enerji daşımalarına ciddi təsir göstərə bilər. Beləliklə, İran ətrafında mümkün hərbi qarşıdurma yalnız iki ölkə ilə məhdudlaşmayaraq bütün regionu əhatə edə bilər.
Hazırda İran maksimum dərəcədə vaxt qazanmağa və danışıqlar prosesini davam etdirməyə çalışır. Lakin ABŞ prezidenti Donald Tramp da bu prosesi müəyyən nəticə ilə yekunlaşdırmaq niyyətindədir. Vaşinqtonun əsas məqsədi İranın nüvə proqramına nəzarət etmək və Tehranın regional hərbi imkanlarını məhdudlaşdırmaqdır.
Hazırkı mərhələdə ABŞ üçün hərbi əməliyyatların genişləndirilməsi əvəzinə iqtisadi təzyiqlərin, blokadanın və yeni sanksiyaların davam etdirilməsi variantı da ön planda qala bilər. Bununla yanaşı, İranın müəyyən hərbi və qeyri-hərbi infrastruktur obyektlərinə, o cümlədən elektrik şəbəkələrinə, zavodlara və digər strateji obyektlərə zərbələr endirilməsi ehtimalını da istisna etmək olmaz. Lakin belə hücumların İran hakimiyyətində avtomatik olaraq rejim dəyişikliyinə gətirib çıxaracağı mümkün deyil.
Qətər, Pakistan və Türkiyənin diplomatik prosesdə vasitəçilik və əlaqələndirmə səyləri xüsusi əhəmiyyət daşıyır. Bu ölkələrin iştirakı ilə tərəflər arasında ortaq məxrəcə gəlmək üçün müəyyən diplomatik təşəbbüslər həyata keçirilir.
ABŞ–İran münasibətlərində hazırda iki müstəvidə proses var: bir tərəfdən diplomatik danışıqlar və mümkün razılaşma axtarışları, digər tərəfdən isə hərbi təzyiq və eskalasiya riski. Tərəflər arasında razılıq əldə olunmadığı təqdirdə, ABŞ-ın İrana qarşı məhdud hərbi zərbələr endirməsi inkişaf edəcək. Buna görə də yaxın dövrdə diplomatik prosesin hansı nəticə ilə yekunlaşacağı və tərəflərin qarşılıqlı güzəştlərə nə dərəcədə hazır olacağıdır.
Məhəmməd Əsədullazadə
Milli Cəbhə partiyasının başqanın müavini












































